Son zamanlar dünyada terror təhlükəsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə böyük tələbat vardır. Xüsusən də biometrik identifikasiya sistemlərinin geniş tətbiqi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda hazırlanan “İnsan sifətinin tanınmasında biometrik şəbəkələrin rolu” (“The Role of Biometric Networks in Recognition of Person”) adlı məqalə təhlükəsizlik sistemlərinin tətbiqi məsələlərinə həsr olunub. “Communications” (ABŞ) jurnalında dərc olunan məqalənin müəllifi layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovadır.
Məqalədə milli zəmində hüquq-mühafizə, dövlət təhlükəsizliyi sistemləri və ölkənin müdafiə təminatı orqanlarının qarşısında duran məsələlərin həlli üçün biometrik texnologiyalardan istifadənin üstünlükləri göstərilib, bu sahə üçün tövsiyələr verilib. Bundan əlavə, biometrik şəbəkə, mövcud problemlər və identifikasiya haqqında məlumat verilib. Məqalə müəllifinin sözlərinə görə, təklif olunmuş sistem kamera vasitəsilə üz təsvirini avtomatik taparaq kodlaşdırır və verilənlər bazasında mövcud təsvirlər ilə identifikasiya edir. Əsas məqsəd lokal və ya paylanmış biometrik verilənlər bazasından istifadə etməkdir.