Neyrofizioloqlar beyinə şprislə elektronika yeridiblər 2015-06-22 09:12:16 / KONFRANSLAR

Amerikalı alimlər çevik naqillərdən və elektron komponentlərdən ibarət tor hazırlamağa müvəffəq olublar. Bu toru şprisin köməyilə bilavasitə beyinə yeritmək olar. Çevik elektronika dəsti sinir hüceyrələrinin vəziyyətini izləmək və hətta onlara təsir etmək üçün (sinir hüceyrələrinə heç bir zərər yetirmədən) bu hüceyrələrə qoşula bilər. Alimlər bu texnologiyanın, məsələn, Parkinson xəstəliyinin müalicəsində mühüm nəticələrin əldə edilməsində vacib rol oynaya biləcəyini düşünürlər. Yeni texnologiya haqqında “Nature Nanotechnology” jurnalında məlumat verilib.

 

Ayrı-ayrı neyronların fəallığının sinir fəaliyyətinin (dərk etmə, təfəkkür, emosiyalar) ən yüksək formalarına gətirib çıxarması neyrofiziologiyada mühüm problemlərdən biridir. Texnoloji nöqteyi-nəzərdən, bunun həlli üçün min və milyon hüceyrənin eyni vaxtda monitorinqini aparan qurğular lazımdır. Lakin müasir implantantları beyinə yerləşdirmək çətindir, onların elektrodları isə yad cisim kimi qəbul olunaraq qıcıqlanma yaradır. 

 

Harvard Universitetindən (ABŞ) olan kimyaçı Çarlz Liber xrom və platinin qarışığından üçölçülü tor yaratmaqla bu maneəni aradan qaldırıb. Tor şprisin nazik iynəsinə yerləşdirmək üçün yetərli qədər çevikdir. Beyinə yeridildikdən sonra 16 elektron komponentli tor əvvəlki formasını alır. O, 90 faiz boşluqdan ibarətdir ki, bunun da sayəsində beyin hüceyrələri toru neytral karkas kimi qəbul edərək oraya sərbəst yerləşirlər. 5 həftə ərzində aparılan sınaqlar zamanı tora qarşı yüksək immun reaksiyası müşahidə olunmayıb – beyin onu yad cisim kimi qəbul etməyib.    

 

lenta.ru xəbər verir ki, alimlər sınaqları siçanlar üzərində aparıblar. Onlar ayrı-ayrı neyronları izləməyə və stimul yaratmağa müvəffəq olublar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024