Su ilə işləyən kompüter prosessoru hazırlanıb 2015-06-16 09:45:14 / KONFRANSLAR

ABŞ-ın Stenford Universitetinin alimləri ferromaqnit maye və hidrodinamika sahəsindəki kəşflərdən istifadə edərək yeni növ kompüter prosessoru hazırlayıblar.

 

Ənənəvi prosessorlardan fərqli olaraq qurğuda məlumatların ötürülməsi üçün elektrik əvəzinə maqnit nanohissəciklərin əlavə olunduğu dövr edən maqnit sahəsində olan su damcılarından istifadə olunur. “İ” və “T” hərfləri formasında hərəkət edən metal elementlər sahənin quruluşuna təsir edərək mayeni hərəkət edəcəyi istiqamətə yönəldir.

 

Qurğu adi kompüterlərin etdiyi hesablama əməliyyatlarını aşağı sürətlə yerinə yetirə bilir. Alimlər qeyd edib ki, onlar ənənəvi prosessorlara rəqib yaratmaq və ondan mətn redaktorları kimi müxtəlif proqramların işə salınması üçün istifadə etmək niyyətində olmayıblar.

 

Mütəxəssislər bu kəşfi maddi substansiyalara yüksək dəqiqliklə nəzarət edən və onlarla müxtəlif manipulyasiyalar həyata keçirən hesablama maşınlarının yeni sinfi kimi qiymətləndiriblər. Bu qurğuların biologiya, kimya və bir çox digər sahələrdə faydalı olacağını bildiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024