AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olundu 2015-05-19 09:29:59 / KONFRANSLAR

Mayın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı öncəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olundu.

 

Sərgidə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və digərləri iştirak edirdilər.

 

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev foto-sərginin 3 bölmədən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, qısa məlumat xarakterli infosərgidə BTİ-nin 150 illiyi, Azərbaycan Telefon Rabitəsinin yaradılmasının 134 illiyi və “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın 10-cu ildönümü ilə bağlı stendlər yer alıb.

 

İlk bölmədə BTİ-nin keçdiyi inkişaf yolunu əks etdirən fotolar nümayiş olundu. R.Əliquliyev məlumat verərək 1865-ci ilin may ayının 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının əsasının qoyulduğunu və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı adlandırıldığını diqqətə çatdırdı. Təşkilatın yaranma tarixinin 2006-cı ildə BMT tərəfindən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini söylədi.

 

BTİ-nin şərəfli yol keçdiyini bildirən akademik bu il dünya ictimaiyyəti tərəfindən təşkilatın 150 illiyinin qeyd olunduğunu və Azərbaycanın bu mötəbər tədbirdə Qızıl Tərəfdaş kimi çıxış etdiyini vurğuladı.

 

Sərgidə Azərbaycan Telefon Rabitəsinin yaradılmasının 134 illiyinə həsr olunmuş guşə böyük marağa səbəb oldu. Akademik Telefon Rabitəsinin 1876-cı ildə dünyada, 1881-ci ildə isə Azərbaycanda yaradıldığını nəzərə çatdırdı. Bildirdi ki, Azərbaycan Telefon Rabitəsinin keçdiyi 134 illik tarixi yolu əks etdirən fotolar, həmçinin 2014-cü ilin dekabr ayının 4-də orbitə buraxılan Qafqazda yeganə peyk operatoru “Azərkosmos”un fotoları ölkəmizin sürətli inkişafının göstəricisidir.

 

“Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın 10-cu ildönümü ilə əlaqədar bölmədə 2007-2015-ci illər ərzində bilik yarışında iştirak edən ali təhsil müəssisələrinin və komandaların sayının artımını göstərən statistika və digər fotolar nümayiş olundu.

 

R.Əliquliyev olimpiadadan söz açaraq müsabiqənin AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirildiyini qeyd etdi.

 

Akademikin sözlərinə görə, 2 mərhələdən ibarət olan olimpiadada müxtəlif regionlardan gələn tələbələr iştirak edir. Bilik yarışının final mərhələsi İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet elm-kompüter şəbəkəsinin bazasında onlayn rejimdə keçirilir. Mütəxəssislər institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə imtahan prosesinə nəzarət edirlər. Komandaların nəticələri şəffaf şəkildə qiymətləndirilərək qaliblər seçilir. Bu müsabiqədə fərqlənən tələbələr Təhsil Nazirliyi tərəfindən beynəlxalq informatika olimpiadasına göndərilir. İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin nəzdində tələbələrin beynəlxalq olimpiadalara hazırlanmasına xidmət edən Olimpiya Mərkəzi fəaliyyət göstərir.

 

R.Əliquliyev qeyd etdi ki, bu kimi bilik yarışları respublika üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin seçilərək peşəkar elmi kadr kimi formalaşması baxımından mühüm əhəmiyyətə malikdir və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin “qızıl fond”unu yaradır.

 

“Növbəti mərhələ Dövlət Proqramı çərçivəsində RYTN nəzdində İKT kadrlarının hazırlanması fondu və Təhsil Nazirliyinin xətti ilə İKT üzrə fərqlənən tələbələrin Amerika, İngiltərə, Yaponiya kimi bir çox inkişaf etmiş ölkələrə göndərilməsidir. Hər iki nazirliyin rəhbərliyinə minnətdaram ki, Azərbaycan üçün “qızıl fond”un yaradılmasında əvəzsiz rol oynayırlar”, - deyə alim bildirdi.

 

Sonda akademik  ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin informatika kafedraları ilə bu kimi tədbirlərin həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini vurğuladı.

 

Sərgi zamanı həmçinin BTİ-nin 150 illik yubileyi ilə bağlı video çarx nümayiş olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024