AMEA-nın vitse-prezidenti, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ADA Universitetində təşkil olunmuş “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE beynəlxalq konfransı”nın (AICT 2023) açılış mərasimində çıxış edib.
Alim Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq, 17-ci dəfədir ki IEEE Kompüter Cəmiyyətinin (IEEE Computer Society, USA) beynəlxalq institutunun çətiri altında davamlı olaraq keçirilən və artıq ənənə halını almış bu mötəbər tədbirin İKT sahəsinin tədqiqatçıları, mütəxəssisləri və sahibkarları arasında yüksək nüfuza malik olduğunu qeyd edib.
Akademik yüksək səviyyəli intellektual platforma təklif edən konfransın İKT və kompüter elmlərinin müxtəlif istiqamətlərində əldə olunmuş ən son elmi nəticələrin və nailiyyətlərin müzakirəsi üçün geniş imkan yaratdığını bildirib: “Elmi toplantı Data Science, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik, dərin təlim, siqnalların emalı, dövlət idarəetməsində, təhsildə, səhiyyədə İKT-nin çoxsaylı tətbiqləri və s. kimi çox aktual nəzəri və praktiki problemləri əhatə edir”.
R.Əliquliyev qeyd edib ki, tədqiqatçıların konfransa təqdim etdikləri tezislər Azərbaycan cəmiyyəti və iqtisadiyyatı üçün də olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, son illərdə Azərbaycan Respublikasının rəhbərliyi ölkənin sosial-iqtisadi həyatının müxtəlif sferalarında yüksək texnologiyaların tətbiqinə, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə və süni intellekt texnologiyalarına əsaslanan infrastrukturların, “ağıllı” kəndlərin və şəhərlərin yaradılmasına xüsusi diqqət yetirir. Bununla əlaqədar olaraq, Azərbaycan alimləri, novatorları, ölkənin bütün elm mərkəzləri və ali təhsil müəssisələri yeni intellektual texnologiyaların tədqiqi, layihələndirilməsi və tətbiqi prosesinə tam cəlb olunmuşdur. AMEA-nın vitse-prezidenti bildirib ki, konfransın keçirildiyi bu günlərdə bir çox azərbaycanlı tədqiqatçıların, xüsusilə də, gənc alim və doktorantların çox maraqlı və faydalı smart məhsulları, metod və alqoritmləri “AICT” konfransının müzakirəsinə təqdim etməsi təqdirəlayiq haldır.
Akademikin sözlərinə görə, bütün bu problemlərdən əlavə, hazırda bəşəriyyət süni intellekt texnologiyalarına əsaslanan müxtəlif məhsul və həllərin yaratdığı mürəkkəb təhlükələr səbəbindən tamamilə yeni, əvvəllər mövcud olmayan problemlərlə üzləşir. R.Əliquliyev vurğulayıb ki, hazırda bəzi ölkələr, şirkətlər və hətta insanlar süni intellektə əsaslanan zərərli həllərdən, texnologiyalardan və kibertəhlükələrdən əziyyət çəkirlər: “Sivilizasiyanın gələcəyi ilə bağlı bu çox təhlükəli vəziyyətdə alim və mühəndislər cəmiyyət qarşısında birbaşa və dolayısı ilə müəyyən məsuliyyət və öhdəliklər daşıyırlar. Beləliklə, biz bu reallığı dərk etməli və insanlar tərəfindən nəzarət oluna bilən, tənzimlənən yeni texnologiyalar yaratmaqla süni intellektin zərərli həllərinə qarşı mübarizə aparmaq üçün müvafiq tədbirlər görməliyik”.
AMEA-nın vitse-prezidenti Azərbaycan alimlərinin birgə layihələr, qrantlar, tələbə və tədqiqatçılar üçün mübadilə proqramları əsasında xarici ölkələrin universitetləri və elm mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduqlarını söyləyib. Ümumiyyətlə, rəqəmsal və yaşıl transformasiyalar kontekstində qarşıda dayanan, proqnozlaşdırılan və proqnozlaşdırıla bilinməyən problemlərin öhdəsindən gəlmək üçün bütün intellektual resursların səfərbər edilməsinin vacibliyini vurğulayıb.
Akademik R.Əliquliyev çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb, tədbirin əvvəlki illərdə olduğu kimi, maraqlı və gərgin elmi müzakirələr şəraitində keçəcəyinə və nəticələrin qoyulan elmi problemlərin həlli və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. Alim konfransın yüksək səviyyədə keçirilməsinə görə təşkilat komitəsinə, xüsusən də, professor Hafiz Paşayevin rəhbərlik etdiyi ADA Universitetinin kollektivinə minnətdarlığını bildirib.