İnstitutun əməkdaşı Barselonada keçirilən VI Texnologiya Həftəsində iştirak edib 2023-06-21 11:00:00 / KONFRANSLAR

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov 29 may-2 iyun 2023-cü il tarixlərində İspaniyada keçirilən “VI Barselona Texnologiya Həftəsi: Bulud Üzərində Elmi Hesablamalar” (Barcelona Techno Week: Scientific Computing in the Cloud) tədbiri çərçivəsində baş tutan seminarda iştirak edib.

Barselona Universitetinin Fizika fakültəsində yerləşən Kosmos Elmləri İnstitutunda keçirilmiş seminar elmi hesablamalar üçün buluddan istifadə məsələlərinə həsr olunub. Seminar tədqiqatçılara bu sahə üzrə fəaliyyət göstərən ekspertlərlə görüşmək və bulud üzərində aparılan cari tədqiqat layihələri haqqında məlumatlı olmaq imkanları təqdim edib.

Texnoloji mövzularda müzakirələrin aparıldığı, akademiyalar və sənaye müəssisələrinin qovuşduğu məkan olan Barselona Texnologiya Həftəsi çərçivəsində keçirilən seminarın iştirakçıları müxtəlif bulud mühitləri və tətbiqləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Təlimə dünya üzrə əsas bulud provayderləri hesab olunan “Google Cloud”, “Microsoft Azure” və “Amazon Web Services”dən istifadə etməklə üç praktiki seminar daxildir. Seminarlara bu provayderlərdə fəaliyyət göstərən təlimçilər rəhbərlik ediblər.

Bulud üzərində elmi hesablamaların aparılmasını nəzərdə tutan bu seminarda müxtəlif kommersiya bulud provayderlərindən birbaşa giriş imkanı ilə maşın təlimi, tibb, astrofizika, iqtisadiyyat, dronlar və s. istiqamətlərdə elmi tədqiqatlara bulud üzərində baxış keçirilib.

M.Həşimov seminarda iştirakına görə sertifikatla təltif olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024