AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Bakıda keçirilən “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimində çıxış edib.
Akademik Rasim Əliquliyev Azərbaycanın Avropa Birliyinin Şərq tərəfdaşlığı təşəbbüsünə 2009-cu ildə qoşulan ölkələrdən biri olduğunu xatırladaraq bu tərəfdaşlıq çərçivəsində ölkəmiz və Avropa Birliyi ölkələri, institutları arasında müxtəlif sferalarda səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu və uğurla inkişaf etdirildiyini bildirib.
“Bu münasibətlər sırasında prioritet istiqamətlərdən biri də müasir texnologiyalardan istifadə etməklə Azərbaycan və Avropa Birliyi arasında dayanıqlı kommunikasiyaların qurulması, müxtəlif fəaliyyət sferaları arasında inteqrasiyanın dərinləşməsidir”, – deyən akademik R.Əliquliyev Avropa Komissiyasının 2015-ci ildə təsis etdiyi EaPConnect layihəsinin tərəfdaş ölkələr üçün təqdim etdiyi imkanlardan bəhs edib. Bildirib ki, bu layihə tərəfdaş ölkələrin elm və təhsil sahələrində yüksək sürətli regional internet şəbəkəsinin qurulması, onun Avropanın GEANT Elm və Təhsil Şəbəkəsinə inteqrasiyasının təmin olunmasını qarşıya məqsəd qoymuşdur. AMEA-nın vitse-prezidenti Azərbaycanın 2010-cu ildən GEANT Assosiasiyasında İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi vasitəsi ilə təmsil olunduğunu qeyd edərək EaPConnect layihəsinin 2015-ci ildən başlayaraq Azərbaycanda fəaliyyətdə olduğunu diqqətə çatdırıb.
Akademik bu layihə çərçivəsində Azərbaycanda həyata keçirilmiş mühüm işlər haqqında məlumat verib, ölkənin elm və təhsil müəssisələrinin AzScienceNet şəbəkəsi üzərindən 3GB/san sürətlə etibarlı internet trafiklə təchiz olunduğunu, AzScienceNet şəbəkəsinin İdarəetmə Mərkəzi və infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini və daha yüksək potensialla GEANT şəbəkəsinə inteqrasiyasının təmin olunduğunu diqqətə çatdırıb. Əlavə edib ki, o cümlədən mütəxəssislərin peşəkarlığının yüksəldilməsi üçün müxtəlif treninqlər təşkil olunmuş, çoxlu sayda alimlərin beynəlxalq elmi konfranslarda iştirakına zəruri dəstək verilmiş, eləcə də hazırda GEANT şəbəkəsinin EduRoam, EduGain və s. kimi bir sıra servisləri elm və təhsil müəssisələrində tətbiq olunmaqdadır. R.Əliquliyev göstərilən bütün dəstəyə görə Avropa Komissiyasına, GEANT və EaPConnect layihəsinin menecerlərinə dərin minnətdarlığını ifadə edib.
Hazırda ölkə üzrə elmi müəssisələrinin yalnız 33%-i, ali təhsil müəssisələrinin isə 42%-inin bu internet trafikindən istifadə etdiyini vurğulayan akademik ölkəmizin elm və təhsil ictimaiyyətinin EaPConnect layihəsinin imkanlarından kifayət qədər yararlana bilməməsinin səbəblərindən danışıb.
Akademikin sözlərinə görə, layihə çərçivəsində alınmış İnternet trafikdən 24/7 rejimində istifadə oluna bilinməməsi, mobil istifadənin təmin olunmaması, təklif olunan şəbəkə xidmətlərinin kommersiyalaşdırılması və s. kimi məsələlərin həll olunması layihənin potensialından istifadə üçün geniş imkanlar aça bilər.
“Bu gün Azərbaycanda alimlərin, müəllimlərin, tələbələrin qarşısında duran əsas problem internetə çıxış deyil, keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”, - deyə qeyd edən institutun baş direktoru növbəti mərhələdə EaPConnect layihəsi çərçivəsində hər bir tərəfdaş ölkəyə göstərilən həcmi, miqyası müəyyənləşdirərkən onların real tələbatı, xüsusiyyətlərinin nəzərə alınmasının zəruriliyinə toxunub. Akademik R.Əliquliyev əlavə edib ki, Azərbaycan elm və təhsil ictimaiyyəti üçün ən mühüm məsələlərdən biri WoS, SCOPUS, Springer kimi beynəlxalq elmi bazalara çıxışın təmin olunması, ali təhsil müəssislərinin davamlı olaraq müasir dövrün çağırışlarına adekvat olan tədris materialları ilə təchiz olunması, Avropa Birliyi ölkələrinin universitetləri, elmi mərkəzlərinin e-kitabxanalarına çıxışına icazənin verilməsi, distant tədris texnologiyaların ölkəmizə transfer olunmasına dəstək göstərilməsi həlli vacib məsələlərdəndir.
Hazırda Avropa Birliyində 2030-cu ilə qədər nəzərdə tutulmuş Rəqəmsal strategiya çərçivəsində çox əhəmiyyəli tədbirlərin həyata keçirildiyinə diqqət çəkən R.Əliquliyev qeyd edib ki, bu kontekstdə tərəfdaş ölkələrlə keyfiyyətli kommunikasiya ilə yanaşı, həmçinin bu ölkələrdə formalaşmaqda olan e-elm, e-təhsil mühitlərinin Avropanın müvafiq e-infrastrukturlarına harmonik inteqrasiyası məsələlərinə də nəzər yetirmək strateji cəhətdən zəruridir.
Akademik R.Əliquliyev Bakı şəhərində Şərq tərəfdaşlığı çərçivəsində e-infrastrukturlar mövzusunda təşkil olunan 5-ci Beynəlxalq konfransın aktual məsələlərə həsr olunduğunu bildirib. O, 2 gün ərzində elm və təhsil üçün mühüm əhəmiyyət kəsb edən, qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində Open Science, e-learning, Big Data, Cybersecurity, HPC, Digital Humanities və s. kimi problemlərə dair məruzələrin təqdimatının nəzərdə tutulduğunu vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.