Xəbər verdiyimiz kimi, 28-29 sentyabr 2022-ci il tarixlərində saat 10:00-da “JW Marriott Absheron Baku” hotelində “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) keçiriləcək. Avropa ölkələrinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılacaq.
“EaPEC 2022” konfransına hazırlıqla əlaqədar olaraq “JW Marriott Absheron Baku” hotelində müşavirə keçirildi.
Müşavirədə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, konfransın təşkilat komitəsinin üzvləri, seksiya iclaslarının moderatorları və digər məsul şəxslər iştirak edirdilər.
Görüş zamanı “EaPEC 2022” konfransının tədbirlər planı çərçivəsində görülmüş işlər, açılış mərasimi və seksiya iclaslarının təşkili, eləcə də konfransa qədər həyata keçirilməsi zəruri olan digər təşkilati məsələlər barədə məlumat verildi.
Həmçinin beynəlxalq konfransın baş tutacağı zallara baxış keçirildi, tədbirin təşkili ilə bağlı texniki xarakterli məsələlər müzakirə olundu.