AMEA-nın festivalda yüksək səviyyədə təmsil olunması üçün qurumun bütün intellektual potensialı cəlb edilib 2022-05-31 11:00:00 / MÜHÜM HADİSƏLƏR

Son illər Türkiyədə və ölkəmizdə yüksək texnologiyaların iqtisadi, hərbi və digər sahələrdə geniş tətbiqinə böyük diqqət ayrılır. Aviasiya, kosmos və texnologiya sahəsində əldə olunan nailiyyətlərin nümayişini nəzərdə tutan bu festivalın Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti, AMEA-nın “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunan sərgidə iştirakı ilə bağlı işçi qrupunun rəhbəri akademik Rasim Əliquliyev söyləyib.

Azərbaycanda ilk dəfədir texnologiya festivalının keçirildiyini vurğulayan alim bildirib ki, son onilliklər ərzində ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin İKT sahəsində apardığı məqsədyönlü siyasət nəticəsində texnologiyalar üzrə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının hazırlanması və s. tədbirlər belə mötəbər festivalın ölkəmizdə keçirilməsinə zəmin yaradıb. Bu istiqamətdə görülən işlərdə AMEA da böyük rola malikdir. AMEA-nın əsas vəzifələrindən biri də ölkəmizdə biliklər iqtisadiyyatının formalaşdırılması, xarici məhsullardan asılılığın azaldılması, milli intellektual məhsulların yaradılması və ölkənin bu istiqamətdə potensialının formalaşmasına dəstək verməkdir.

Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarında uzun illər fundamental və tətbiqi istiqamətlərdə aparılan tədqiqatların nəticəsi olan innovativ məhsulların “TEKNOFEST Azərbaycan” sərgisində nümayiş olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, sərgidə AMEA üçün ayrılmış xüsusi pavilyonda akademiyanın yüksək səviyyədə təmsil olunması üçün qurumun bütün intellektual potensialı cəlb olunub.

Vitse-prezident dövlətimizin başçısının müvafiq Sərəncamı ilə AMEA-nın nəzdində yaradılmış Yüksək Texnologiyalar Parkında AMEA-nın elmi müəssisələri ilə əməkdaşlıq çərçivəsində yaradılmış intellektual qurğuların da sərgidə təqdim olunduğunu vurğulayıb. O, Yüksək Texnologiyalar Parkının rezidentləri tərəfindən sərgidə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış dezinfeksiyaedici robotlar, pilotsuz uçuş aparatları, “ağıllı” arı yeşikləri, LED lampalar üçün diod və mikrosxemlərin və digər yüksək texnoloji məhsulların təqdim olunduğunu bildirib.

 
 
    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024