Apple şirkəti iOS üçün yeni funksiya üzərində çalışır və həmin funksiya iPhone-nu ödəniş terminalına çevirməyə imkan verəcək. Bunun sayəsində kiçik biznes sahibləri plastik kartlar vasitəsilə ödənişlər üçün nəzərdə tutulmuş xüsusi pos terminalları əldə etmək faktorundan azad olacaqlar. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən Apple sözügedən yeni funksiya üzərində 2020-ci ildən çalışır. Qeyd etmək lazımdır ki, Apple 2020-ci ildə 100 milyon dollara Kanadanın Mobeewave adlı startapını almışdı. Sözügedən startap tərəfindən yaradılmış texnologiya NFC çipinə sahib smartfonlara bank kartları vasitəsilə ödənişləri qəbul etməyə imkan verir. NFC texnologiyası isə Apple Pay ödənişlərində artıq istifadə edilir. iPhone vasitəsilə ödəniş qəbul etmək üçün bəzi ölkələrin satıcıları smartfonla Bluetooth üzərindən əlaqəli olan xüsusi terminallardan istifadə edə bilərlər. Bu sahədə Twitter-in keçmiş CEO-su Jack Dorsey-nin Square servisi öz liderliyini qoruyur.