Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Avanan adlı şirkətin verdiyi məlumata əsasən hackerlər dekabr ayından başlayaraq Google Docs servisi üzərindən zərərli linkləri yayaraq irimiqyaslı fişinq hücumlar reallaşdırırlar. Reallaşdırılan kiberhücumun sxemi çox sadədir. Hackerlər Google Docs-da sənəd yaradırlar və həmin sənədə “@” işarəsi və potensial qurban kimi seçilmiş istifadəçinin adından istifadə edərək rəylər daxil edirlər. Nəticədə potensial qurban elektron poçt üzərindən Google-dan bildiriş əldə edir. Bildirişdə isə hackerlər tərəfindən əlavə edilmiş rəyləri əks etdirən mətnlər və zərərli link mövcud olur. Hackerlər üçün bu cür kiberhücum sxemi çox rahatdır. Belə ki, fişinq xarakterli məktubu göndərən tərəf kimi Google qeyd edilir və kiberhücumu reallaşdıran şəxsin elektron poçt ünvanı əks olunmur. Nəticədə hackeri identifikasiya etmək daha da çətinləşir. Avanan şirkətinin verdiyi məlumata əsasən bu cür kiberhücum sxemi çox təhlükəlidir.