Simsiz şəbəkə texnologiyası - nöqtədən-nöqtəyə və ya bir şəbəkə strukturu şəklində əlaqəni təmin edən texnologiyadır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarı Wi-fi 7 texnologiyasının perspektivləri və tətbiq sahələrinə həsr olunmuşdu.
Bu mövzuda institutun proqramçısı Təbriz Ağaşov çıxış edərək simsiz şəbəkə texnologiyalarının təsnifatından danışdı, onun fərdi, sensor, kiçik lokal, böyük lokal, qlobal və peyk şəbəkələr kimi növlərinin olduğunu diqqətə çatdırdı.
T.Ağaşov Simsiz Yerli Şəbəkələrin (WLAN) əvvəlcə hava limanları, internet kafe və otellər kimi mühitlərdə yaradıldığını, lakin o dövrdə simsiz şəbəkələrin məlumatların ötürmə sürəti, əhatə dairəsi və avadanlıq dəyəri baxımından digər simli şəbəkələrə görə kifayət qədər inkişaf etmədiyini nəzərə çatdırdı. Bildirdi ki, zaman keçdikcə yeni IEEE 802.11 simsiz şəbəkə standartları və simsiz şəbəkələr, xüsusilə əhatə dairəsi və məlumat ötürmə sürəti baxımından daha da təkmilləşdirilib.
Bundan əlavə, təchizat xərclərinin az olması səbəbindən simsiz avadanlıq və mobil cihazların istifadəsində artım müşahidə edilmişdir. Hətta bu gün ev və ofis mühitində yaradılan simli şəbəkələr WLAN-larla əvəz olunur.
Wi-Fi texnologiyalarının inkişaf mərhələlərindən danışan məruzəçi Wi-Fi bazarının iqtisadi dəyərinin 2018-ci ildə iki trilyon dollar olduğunu qeyd etdi: “Wi-Fi Alliance” şirkətinin tapşırığı ilə aparılan yeni araşdırmada bildirilir ki, “Wi-Fi”ın qlobal iqtisadi artım ilə dəyəri 2025-ci ilə qədər 4,9 trilyon ABŞ dollarına yüksələcək”.
Tədqiqatçı Wi-Fi 5 və Wi-Fi 6 texnologiyaları haqqında da qısa məlumat verdi. Söylədi ki, Wi-Fi 5 və ya 802.11ac standartı ilə müqayisədə Wi-Fi 6 istifadəçilərə məlumatları 40% daha sürətlə ötürür.
Daha sonra o, Wi-Fi 7 texnologiyasının perpektivləri və tətbiq sahələrindən söhbət açaraq diqqətə çatdırdı ki, hazırda “Qualcomm” şirkəti standart simsiz rabitənin yeddinci nəslinin işlənib hazırlanması həyata keçirir. Bu yeni standart IEEE 802.11be adını alıb. Wi-Fi 7 2.4 GHz (2.400-dən 2.495 GHz), 5 GHz (5.170-5.835 GHz) və 6 GHz (5.925-7.125 GHz) tezlik diapazonlarından istifadə edərək və 30 Gb/s-ə qədər ötürülmə sürətini dəstəkləmək üçün nəzərdə tutulub.
T.Ağaşovun sözlərinə görə, bu şəbəkənin məlum olan əsas üstünlükləri kimi tezlik diapazonunun mövcud 2,4 və 5 GHz-dən 6 GHz-dək genişləndirilməsi, "CMU-MIMO" texnologiyası ilə eyni anda qoşulan qurğuların sayının çoxaldılması, maksimal buraxılış qabiliyyətinin 30 Qbit/s-dək artırılması, eləcə də amplituda modulyasiyasının 1024-dən (Wi-Fi 6-da) 4096-dək artırılması qeyd olunur. “Qualcomm”, “MediaTek” və “Broadcom” şirkətləri “Wi-Fi 7” çiplərinin hazırlanmasına başlayıblar. Mütəxəssislər “Wi-Fi 7” çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər.
O, nəzərə çatdırdı ki, 2001-ci ildən Wi-Fi əsasən router və kompüter kimi məhsullarda tətbiq edilirdisə, 2006-cı ildən etibarən telefon, TV, oyun və planşetlərdə, və kameralarda Wi-Fi tətbiqində kəskin artım müşahidə olunur. Son beş il ərzində siyahıya bir neçə məhsul kateqoriyası əlavə edilib. Məsələn, binaların, ağıllı evlərin və digər kateqoriyaların, o cümlədən istilik, işıqlandırma, nəqliyyat vasitələri, və digər qurğularda göstərə bilərik.
Wi-Fi 7 texnologiyasının tətbiq sahələrindən bəhs edən tədqiqatçı bu siyahıya video yayımı, video və ya səsli konfrans, onlayn oyunlar, sənaye və Əşyaların İnterneti, eləcə də interaktiv teletibbin daxil olduğunu söylədi.
O, həmçinin Wi-Fi 7 Extreme High Throughput (EHT) protokoluna əsaslanacağını, bununla simsiz şəbəkələrin işinin cari standartlara nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşacağını qeyd etdi.
Sonda tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırdı.
İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Wi-Fi 7 texnologiyasının perspektivləri və tətbiq sahələri ilə beynəlxalq təcrübənin araşdırılmasının, məqalələrin hazırlanmasının zəruriliyini qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.