AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov NATO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransın plenar iclasında “Bulud əsaslı SCADA sistemlərində kibertəhlükəsizlik problemləri” mövzusunda məruzə ilə çıxış edib.
O, çıxışı zamanı neft-qaz sənayesinin monitorinqi və idarə edilməsində geniş istifadə olunan bulud əsaslı SCADA (ing. Supervisory Control and Data Acquisition) sistemlərinin təhlükəsizlik məsələləri haqqında məlumat verib. Bildirib ki, SCADA sistemləri coğrafi olaraq paylanmış texnoloji avadanlıqları mərkəzləşdirilmiş qaydada idarə edən və onlara nəzarət edən sənaye nəzarət və idarəetmə sistemidir. SCADA sistemi, real zaman rejimində məlumatları toplayır, lokal və ya distant idarəetməni həyata keçirir:
“Bu sistemlər qazma qurğularından, vericilərdən və ya digər nəzarət sensorlarından alınan böyük həcmli məlumatlar əsasında real zaman rejimində texnoloji prosessləri idarə edir. Ənənəvi SCADA sistemləri çox bahalı, qeyri-çevik, miqyaslanması çətin olduğundan məlumatların toplanması, ötürülməsi və emalında çoxsaylı problemlər yaranır”.
M.Həşimov neft-qaz sənayesi sektorunda sistemlərin avtomatlaşdırılması, səmərəliliyin və gəlir imkanlarının artırılması məqsədilə bulud əsaslı SCADA sistemlərindən istifadənin getdikcə artdığını söyləyib. Qeyd edib ki, bulud texnologiyaları, məlumatların kütləvi saxlanması və paylaşma həllərini təmin etməklə yanaşı, neft və qaz sənayesinin informasiya təminatını ödəmək məqsədilə müxtəlif növ aparat və proqram təminatlarını özündə birləşdirir. SCADA sisteminin tətbiqlərinin bulud mühitinə köçürülməsi xərclərin azaldılmasına, miqyaslanma imkanlarının yaxşılaşdırılmasına, sistemin səmərəli idarə olunmasına, etibarlılığın yüksəlməsinə və resurslarla bağlı problemlərin həllinə imkanlar yaradır.
“Tədqiqatda bulud əsaslı SCADA sistemlərinin təhlükəsizliyinə mane ola biləcək mövcud boşluqlar göstərilmişdir”, - deyən məruzəçi bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik tədbirlərinin görülməsi və risklərin qiymətləndirilməsinin aktual məsələlərdən olduğunu vurğualyıb. Bu məqsədlə bulud əsaslı SCADA sistemlərinin istifadəsində meydana çıxan təhlükəsizlik problemləri və risklərin analiz edildiyini və bunların müəyyən qədər həllinə komək edən təkliflərin verildiyini deyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.