AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi.
İnstitutun böyük elmi işçisi Mərziyə İsmayılova “Sentiment analiz: problemlər və mövcud yanaşmalar” mövzusunda məruzə ilə çıxış edərək sentiment analizin tarixi və inkişaf mərhələləri, əsas məsələləri, səviyyələri, klassifikasiya metodları, tətbiq sahələri, problemləri, proqram məhsulları, onlayn alətlər və s. haqqında ətraflı məlumat verdi.
Məruzəçi sentiment analizin təbii dilin emalı (Natural Language Processing – NLP), statistika və ya maşın təlimi metodlarından istifadə edərək, mətn sənədlərindən mətnin emosional məzmununun aşkarlanması, çıxarılması və klassifikasiyası məsələsi olduğunu bildirdi.
M.İsmayılovanın sözlərinə görə, sentiment analiz fikirlərin analizi (opinion mining) və ya emosiyaların süni intellekti (emotion artifical intelligence) kimi də tanınır. O, emosional vəziyyətlərin və subyektiv informasiyaların sistemli şəkildə tanınması, çıxarılması, ölçülməsi və öyrənilməsi üçün təbii dilin işlənməsi, mətn analizi, kompüter linqvistikası və biometriyadan istifadəyə əsaslanır. Sentiment analiz müəllifin obyektə emosional münasibətinin kontent analiz metodları ilə avtomatik müəyyən edilməsi prosesidir. O, təbii dildə yazılmış mətnlərdə ifadə olunan fikirlərin avtomatik aşkarlanması və klassifikasiyası məsələsidir.
“Sentiment analizin tarixi XX əsrin əvvəllərində ictimai rəyin analizi və 1990-cı illərdə kompüter linqvistikası sahəsində həyata keçirilmiş mətnin subyektivliyinin analizi üzrə tədqiqatlara əsaslanır”, – deyə bildirən məruzəçi kompüter əsaslı sentiment analizin İnternetdə subyektiv mətnlərin mövcudluğu ilə gerçəkləşdiyini söylədi.
O, “Web of Science” və “Google Scholar” elmi bazalarında sentiment analiz üzrə 2002-2019-cu illər ərzində nəşr olunan məqalələrin sayını əks etdirən qrafiki nümayiş etdirdi. Sonra sentiment analizin konseptual modelini təqdim edən məruzəçi sentiment analizin əsas terminləri və informasiya mənbələri barədə məlumatı diqqətə çatdırdı.
M.İsmayılova sentiment analizin səviyyələrindən bəhs edərək söz, cümlə, sənəd və xüsusiyyət səviyyələrində sentiment analiz haqqında danışdı. Bildirdi ki, söz səviyyəsində sentiment analiz sənəddə sözlərin subyektivliyinin, oriyentasiyasının və ya qütbünün, eləcə də oriyentasiyanın sayının müəyyən olunmasına xidmət edir. Cümlə səviyyəsində sentiment analiz hər bir cümlədə ifadə olunmuş emosiyaların klassifikasiyasından, sənəd səviyyəsində sentiment analiz isə sənədin pozitiv və neqativ fikirləri ifadə etməsinin klassifikasiyasından ibarətdir.
O, həmçinin xüsusiyyət əsasında sentiment analizin növlərindən söz açdı, onun sözlər və onların istifadə tezliyi, terminin mövqeyi, nitq hissələri, rəy sözləri və ifadələri, neqativ sözlər, sintaksis asılılıq kimi növlərini diqqətə çatdırdı, sentiment analiz üçün lüğət və qaydalara əsaslanan, eləcə də maşın təlimi metodları üzrə mövcud yanaşmalar kimi klassifikasiya metodlarından istifadə olunduğunu bildirdi. Məruzəçi sentiment analizin modelini təqdim etdi və sentiment analizin sosiologiya, tibb və psixologiya, marketinq, politologiya kimi sahələrdə tətbiq edildiyini nəzərə çatdırdı.
M.İsmayılova sentiment analiz üçün istifadə olunan “Twitter Sentiment” veb-xidməti, “SA with Python NLTK TC” və “I-Teco” kimi proqram məhsullarından və sentiment analizin problemlərindən danışdı.
O, onlayn alətlər, sentiment analizə dair kitablar, konfrans, simpozium və “workshop”lar, eləcə də bu sahə ilə məşğul olan tədqiqatçı alimlər barədə də ətraflı məlumat verdi.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.