AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. Seminarda “Pilotsuz uçuş aparatlarına olan GPS spoofing hücumlarının aşkarlanması üsulunun işlənməsi” mövzusunda məruzə dinlənildi.
İnstitutun doktorantı Orxan Vəlixanlı çıxış edərək əvvəlcə mövzunun aktuallığından danışdı, pilotsuz uçuş aparatlarının (PUA) təhlükəsizlik məsələləri haqqında ümumi məlumat verdi. O bildirdi ki, PUA və ya dronlar kiber-fiziki sistemlərin xüsusi tətbiqlərindən biridir. PUA-ların logistika, kənd təsərrüfatı, məsafədən zondlama, smart şəhər, təbii fəlakətin idarə edilməsi, hərb sahəsində müşahidə, hədəf obyektin izlənməsi, hava və yerdən müdafiə kimi tətbiq sahələri vardır.
O, PUA-ların bir sıra təhlükəsizlik boşluqlarına malik olduqlarını diqqətə çatdırdı. Bildirdi ki, dronlar GPS aldatması (Global Position System – Qlobal Mövqetəyinetmə Sistemi), zərərli proqram inyeksiyası, siqnal pozulması, xidmətdən imtina (Denial-of-service), Ortada adam (Man-in-the-middle attack) hücumlarına məruz qalır. Bu hücumlar arasında GPS aldatma hücumçunun PUA-nı qəzaya uğratmasına və ya onun qaçırılmasına imkan yaradır. Aldatma hücumları sistemin naviqasiya sistemini hücumçunun generasiya etdiyi saxta koordinatlarla manipulyasiya etmək məqsədi ilə GPS siqnalını saxtalaşdıran hücumlardır.
Daha sonra GPS aldatma hücumu vasitəsi ilə müxtəlif ölkələrə məxsus dronların ələ keçirilməsindən danışan məruzəçi tarixdə GPS aldatma ilə bağlı baş vermiş insidentlər haqqında qısa məlumat verdi. Müasir dövrdə bu hücumun həyata keçirilməsinin o qədər çətin olmadığını qeyd edən tədqiqatçı, bunun hətta sadə cihazlarla mümkün olduğunu qeyd etdi: “Bu növ hücum zamanı GPS qəbuledicisinə saxtalaşdırılmış siqnallar göndərilərək idarəetmə ələ keçirilir. GPS aldatma hücumu təkcə pilotsuz uçuş aparatlarına deyil, həmçinin pilotsuz avtomobillərə, gəmilərə və digər vasitələrə də qarşı istifadə olunur”.
Məruzəçi GPS aldatma hücumlarının aşkarlanması sahəsində mövcud olan metodlar haqqında da məlumat verdi. Mövcud metodların çatışmazlıqlarından söz açan məruzəçi bu hücumların aşkarlanması üçün təklif etdiyi konvalyusiya neyron şəbəkəsinə (Convolutional Neural Network, CNN) əsaslanan yeni modeli təqdim etdi. Məruzəçi təklif edilmiş metodun dronların uçuş zamanı əldə edilən loq-faylların üzərində test edildiyini dedi. Həmçinin əlavə qurğuya ehtiyac yaranmaması və dəqiqliyin analoqları ilə müqayisədə daha yüksək olmasının yeni yanaşmanın əsas üstünlüyü olduğunu söylədi. Tədqiqat zamanı istifadə olunan verilənlər bazası, modelin strukturu və əldə edilmiş nəticələri seminar iştirakçılarının diqqətinə çatdırdı.
Məruzəyə dair fikir mübadiləsi aparıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev pilotsuz uçuş aparatlarına olan GPS spoofing hücumlarının aşkarlanması üsulunun işlənməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsi, beynəlxalq təcrübənin araşdırılması və məqalələrin hazırlanmasını tövsiyə etdi.