AMEA Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Texnoparkın Strateji Elmi Analitik Sınaq Mərkəzi, Təcrübə-Sənaye Zavodunun hazır məhsul anbarı və İnnovativ Elmi-Texnoloji Layihələrin Sərgi Mərkəzi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru, professor Əbülfəz Babayev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə Texnoparkda “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin fəaliyyətə başlaması münasibətilə hər kəsi təbrik edib.
Azərbaycan dövlətinin ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunda inamla irəlilədiyini deyən baş direktor Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamının da ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə hədəflədiyini vurğulayıb.
Sonra Yüksək Texnologiyalar Parkının icraçı direktoru Vasif Abbasov çıxış edərək AMEA-da, o cümlədən Yüksək Texnologiyalar Parkında innovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi, elmin kommersiyalaşdırılmasının stimullaşdırılması ilə bağlı əhəmiyyətli işlər görüldüyünü qeyd edib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiya tərəfindən ölkəmizdə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyaların və yüksək texnologiyalar sahələrinin genişləndirilməsinə dəstək verildiyini qeyd edib.
Tədbirdə AMEA İşlər İdarəsinin müdiri, professor Elton Məmmədov idxaldan asılılığın azaldılması istiqamətində aparılan uğurlu islahatların öz bəhrəsini verməkdə olduğunu, elmtutumlu ilk texnopark olan YT Parkda AMEA-da aparılan işlərin istehsalatda tətbiqinin həyata keçirildiyini vurğulayıb.
İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxışında YT Parkın AMEA gənclərinin fəaliyyətinin stimullaşdırılmasında önəmli rola malik olduğunu bildirib. Texnoparkda gənclərin öz ideyalarını daha effektiv reallaşdırmaları üçün lazimi şəraitin yaradıldığını qeyd edib.
AMEA Gənc Alim və Mütəxəsisslər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Akademiyada gənclərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və onların sahibkarlıqla məşğul olmağa cəlb olunması məqsədilə innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərə hər zaman dəstək göstərildiyini qeyd edib.
Tədbirdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Roza Şahverdiyeva çıxış edib. O, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə institutda müasir dövrdə aktuallıq kəsb edən IV Sənaye inqilabı platformasında biliklərə, informasiyaya, innovasiya əsaslanan iqtisadiyyatın formalaşması, inkişaf etdirilməsi problemləri, texnoparkların fəaliyyətinin idarə edilməsi, elmi nəticələrin, elmi innovasiyaların formalaşdırılması və kommersiyalaşdırılması proseslərinin idarə olunması problemlərinin tədqiq olunduğunu diqqətə çatdırıb. Müasir dövrdə dünya iqtisadiyyatının texnoloji innovasiya əsasında müasirləşdirilməsi, mobil, bulud, süni intellekt, kosmik, 3D-nəşr, yaşıl və s. kimi müasir texnologiyalar əsasında formalaşması və inkişaf etdirilməsi xüsusiyyətləri haqqında məlumat verib.
R.Şahverdiyeva ölkəmizdə də iqtisadiyyatın innovativ texnologiyalar əsasında qurulmasının bir çox dövlət proqramlarında öz əksini tapdığını vurğulayıb. IV Sənaye inqilabı elementlərinin yüksək texnologiyalar parkının, innovativ müəssisələrin fəaliyyətində reallaşması və tətbiq olunmasının, texnologiya transferi mərkəzlərinin, innovasiyalı elm-təhsil və təcrübə-istehsalat mərkəzlərinin yaradılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Məruzəçi bildirib ki, “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin fəaliyyətə başlaması İnformasiya Texnologiyaları İnstitutunun bu istiqamətdə tədqiqatlar aparan əməkdaşları üçün də təcrübə qazanmağa şərait yaratmaqla gələcəkdə daha səmərəli elmi nəticələrin alınmasına kömək edəcək
Sonda tədbir iştirakçıları AMEA Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin elmi təcrübə mübadiləsində böyük imkanlar açacağına əminliklərini ifadə ediblər, innovativ düşüncənin biznesə çevrilməsi prosesində yaxından iştirak edəcəklərini, burada təqdim olunan imkanlardan yararlanacaqlarını vurğulayıblar.