AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik hesabatlarına həsr olunmuş iclaslara bu gün start verilib. İlk iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun əməkdaşlarını bir daha Azərbaycanın Ermənistan üzərindəki qələbəsi münasibətilə təbrik etdi.
“12 noyabr ölkəmizdə Konstitutsiya günü kimi qeyd olunur”, - deyə xatırladan akademik Azərbaycan konstitutsiyasının dövlətin əsas baza sənədi olduğunu, orada ölkənin müstəqilliyinin öz əksini tapdığını diqqətə çatdırdı. Bu mühüm gün münasibətilə institutun kollektivini təbrik etdi, hər kəsə fəaliyyətində uğurlar arzuladı.
R.Əliquliyev bildirdi ki, institutun struktur bölmələrinin hesabatlarının keçirilməsində əsas məqsəd şöbələrin illik fəaliyyətini qiymətləndirmək, o cümlədən qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir: “Hesabatlar şöbələrin fəaliyyətinin daha səmərəli təşkili, elmi fəaliyyətin gücləndirilməsi və görülən işlərin keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, hesabat iclaslarında hər bir şöbə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. bağlı həyata keçirdiyi tədbirlər haqqında məlumat verir. Hesabatlar ətrafında geniş müzakirələr aparılır, irad, rəy və təkliflər səsləndirilir.