AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “AzScienceNet korporativ şəbəkəsi vasitəsilə onlayn marketinq saytlarına olan müraciətlərin təhlili və brend məhsullara münasibət” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun əməkdaşı Kəmalə Haşımova brend fəaliyyəti, İnternet mühitində reklam-marketinq barədə ətraflı məlumat verdi. Reklam kampaniyasının səmərəliliyinə imic və birbaşa reklamın təsiri, istehlak bazarının coğrafi seqmentasiyası, demoqrafik seqmentasiya, davranış seqmentasiyasından söz açdı.
O, istehlakçıların fərdiliyi və həyat tərzinə görə təsnifləşdirmə sistemlərindən biri olan VALS metodunun (Values and Lifestyles – Dəyərlər və həyat tərzi) əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu metod potensial müştərini intellekt səviyyəsi, özünə əminlik, həyat enerjisinə sahib olma, liderlik bacarığı, qürrələnmə, impulsiv davranış, ətraf mühitə yenilikçi baxış, innovasiyalara açıq olma kimi psixoloji xüsusiyyətlərinə görə seqmentləşdirməyə imkan verir.
“Bazar iqtisadiyyatının formalaşmasında İnternet-reklamın düzgün təşkili vacib şərtdir”, – deyə bildirən K.Haşımova Azərbaycan İnternet məkanında reklam və marketinqin sürətli inkişafından və bu prosesin müsbət nəticələrindən danışdı. AzScienceNet korporativ şəbəkəsində 2019-cu ilin dekabr ayı üçün veb-saytlara olan müraciətlər, 1 ay və gün ərzində, həftənin günlərinə və günün saatlarına görə populyar saytlara olan müraciətlər barədə statistikanı təqdim etdi.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.