AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında institutun strukturunun təkmilləşdirilməsi haqqında məsələ müzakirə olundu.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bildirdi ki, son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranmış çətin vəziyyətə baxmayaraq, müəyyən islahatlar aparılır. Sözsüz ki, hazırda Ermənistan-Azərbaycan müharibəsi prioritet məsələdir. Lakin eyni zamanda qarşıya qoyulmuş müəyyən vəzifələrin yerinə yetirilməsi, institutun fəaliyyətinin səmərəliliyinin artırılması üçün onun strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi zərurəti yaranmışdır. Bu məqsədlə fəaliyyətimizdə müəyyən dəyişikliklər edərək irəli addımlamalıyıq.
Alimin sözlərinə görə, akademiyada həyata keçirilən bir sıra kadr və struktur islahatları bu qurumun vəzifə nomenklaturasının təkrar işlənilməsi zərurətini meydana çıxarıb. Rəyasət Heyətinə təqdim olunan vəzifə nomenklaturasının yeni layihəsi müzakirələrdən sonra təsdiq edilib. Akademiyanın elmi müəssisələrinin statusunun artırılması, onlara müəyyən səlahiyyətlərin verilməsi ilə bağlı çox mühüm qərarlar qəbul olunub.
Sonra AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri İnternet xidmətləri göstərən, eləcə də ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiyasını təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətində mövcud olan problemlərin həlli, şəbəkədə islahatların aparılması, maddi-texniki bazanın gücləndirilməsi, eyni zamanda əməkhaqqı və kadr potensialı ilə bağlı məsələlər müzakirə olundu.
“İnstitutda həm elmi, həm də digər istiqamətlərdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bu elmi qurumun kadr potensialının gücləndirilməsinə və gənc kadrların instituta cəlb olunmasına ehtiyac vardır”, – deyə bildirən akademik məsələ ilə bağlı təklif və tövsiyələrini bildirdi, müvafiq tapşırıqlar verdi.