AMEA-nın vitse-prezidenti, AMEA İnfromasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) “Əsas məsələ” verilişinin qonağı olub.
Verilişdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə gedən döyüşlərdə, həm də informasiya müharibəsində əldə olunan nailiyyətlər müzakirə olunub.
Akademik Rasim Əliquliyev tarixi zəfərlərin əldə olunmasında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və onun Azərbaycan dövlətinin haqlı mövqeyini böyük məharətlə ifadə etməsinin əvəzsiz rolu olduğunu söyləyib.
Alim Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrin aparıcı informasiya agentliklərinə müxtəlif dillərdə verdiyi cəsarətli, qətiyyətli və qeyrətli müsahibələrə, ölkəmizin vətəndaşlarını, eləcə də xaricdə yaşayan azərbaycanlıları bir yumruq kimi birləşdirməsinə, onlarda böyük ruh yüksəkliyi yaratmasına diqqət çəkib. Vurğulayıb ki, son onilliklər ərzində Azərbaycanın informasiya müharibəsində qurduğu həm etibarlı müdafiə, həm də effektiv hücum sistemi mühüm uğurlara imza atır.
Akademik Rasim Əliquliyev dövlətimizin malik olduğu güclü internet və kosmik sənaye infrastrukturu, eləcə də dünya informasiya sisteminə inteqrasiyası haqqında geniş məlumat verib: “30 ilə yaxın müddətdə atəşkəs olmasına baxmayaraq, Azərbaycan dövləti özünün silahlı qüvvələrinin müdafiə qüdrətinin yüksəldilməsi, eyni zamanda informasiya suverenliyinin təmin olunması istiqamətində çox güclü texnoloji tədbirlər həyata keçirib”.
Alim, həmçinin Azərbaycanın elm ictimaiyyəti nümayəndələrinin intellektual informasiya müharibəsində həyata keçirdikləri işlər haqqında ətraflı məlumat verib. “Bütün Azərbaycan ziyalıları informasiya müharibəsinin əsgərləri kimi öz potensialından maksimum şəkildə istifadə edir, xarici həmkarları ilə əlaqələr qurur, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır” – deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.