Texnologiyanın erkən inkişafı dövründə neyron fəaliyyət insan üçün bir sirr olaraq qalırdı. Lakin hazırda insan, nəinki neyron fəaliyyətləri geniş araşdırıb dərk etmiş, hətta ondan müxtəlif sistemlərin inteqrasiyası üçün istifadə etməyə başlamışdır. Bu səylər beyin siqnalları vasitəsilə insan beyni ilə maşınlar arasındakı əlaqənin qurulması məqsədilə həyata keçirilmişdir. "Beyin-kompüter interfeysi" termini məhz buradan meydana gəlmişdir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti onlayn elmi seminarında “Beyin-kompüter interfeysi: perspektivləri, tətbiqləri və problemləri” mövzusunda məruzə dinlənilib.
Məruzəni institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov təqdim edərək bildirib ki, beyin-kompüter interfeysi (BKİ) müəyyən bir obyekt və ya cihazın insan beyni vasitəsilə birbaşa idarə edilməsi məqsədilə əlaqəni təmin edir. Beyində baş verən fiziki prosesləri dəqiq şəkildə izləyən sensorların köməyi ilə beyindən məlumatın əldə edilməsi və istənilən cihazın proqram təminatı vasitəsilə idarə olunması mümkündür.
O qeyd edib ki, BKİ bir-birini qarşılıqlı şəkildə tamamlayan beyin ilə kompüter arasında əlaqə sistemidir: “BKİ istifadəçilərlə ətraf mühit arasındakı əlaqənin yaradılması məqsədi ilə onlar arasında anlaşma yaradan qeyri-əzələli kanaldır. Bu interfeys insan bədəninin sinir-əzələ sistemini deyil, onun zehni fəaliyyətinin köməyi ilə əlaqənin qurulmasına imkan verir”.
Məruzəçinin sözlərinə görə, BKİ, xüsusilə fiziki məhdudiyyətli insanların müəyyən hərəkətləri yerinə yetirə bilməsi üçün faydalı platforma təqdim edir. Bu platformada insan və maşın arasındakı kommunikasiya keyfiyyətinin artırılmasına yardım edən beyin təsviri texnologiyalarından istifadə olunur.
BKİ-nin fəaliyyətindən bəhs edən M.Həşimov insan beyninin təqribən 100 milyard neyrondan ibarət şəbəkədən təşkil olunduğunu və onların elektrik siqnallarını göndərməklə beyinə və beyindən məlumatların ötürülməsini həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, bunun üçün ən çox istifadə edilən metodlardan biri “elektroansefalografiya (EEG) texnologiyası”dır. EEG beyinin bioelektrik aktivliyini qeyd edən və qiymətləndirmək üçün istifadə edilən nevroloji müayinə metodudur.
Məruzəçi BKİ-nin 3 əsas növünün mövcud olduğunu vurğulayıb. Qeyd edib ki, buraya invaziv BKİ, qismən invaziv BKİ və qeyri-invaziv BKİ daxildir.
O, BKİ-nin bütün elmi tədqiqat sahələrində, hətta pasientlərin iflic olmuş əzələlərinin hərəkətlərinin bərpa edilməsi məqsədilə tətbiq edildiyini bildirib. Söyləyib ki, bu texnologiyaların tətbiqi əlavə hərəkətverici qurğular vasitəsilə həyata keçirilir. Həmin qurğular fərqli interfeysə malik kompüter və ya robot əl, qol, ayaq, diz oynaqları və digər hərəkətverici bədən hissələrindən ibarət ola bilər.
Tədqiqatçı 1950-ci illərdə Xose Delqado adlı mütəxəssisin ilk beyin implantını canlı heyvanlar üzərində həyata keçirdiyini diqqətə çatdırıb. 1978-ci ildə görmə qabiliyyətini itirmiş insanın görmə qatına implant edildiyini, XX əsrdə isə təfəkkürlə idarə olunan protez robot qolun yaradıldığını qeyd edib. Əlavə edib ki, Brain gate (Beyin qapısı) adlanan digər ixtira isə Broun Universitetinin Neyroşünaslıq şöbəsində kiberkinetika sahəsində fəaliyyət göstərən biotexnologiya şirkəti tərəfindən yaradılan protezdir.
İlk tetraplegik BrainGate BKİ-nin 2005-ci ildə tətbiq edildiyini nəzərə çatdıran məruzəçi, daha sonra bu sahədə yaradılan əyləncə, EEG və ya göz vasitəsilə yalanın aşkarlanması kimi maraq cəlb edən tətbiqlər haqqında məlumat verib.
Məruzəçi həmçinin qeyd etdi ki, hazırda BKİ sahəsində insan beyninin dərk edilməsi, istifadə rahatlığı, texniki təminat problemləri və s. kimi problemlər mövcuddur.