AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin “DevOps və onun alətləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən şöbənin əməkdaşı Tural Mustafayev DevOps (DEVelopment Operation) haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu, proqramçı və əməliyyatçılar arasında daha yaxşı iş birliyini və sıx inteqrasiyanı təmin edən bir mühitdir. DevOps onların daha səmərəli işləməsinə, sürətli yenilik etməsinə, müəssisə və müştərilərə yüksək səviyyədə xidmət göstərməsinə kömək etmək üçün çevik, davamlı çatdırılma, avtomatlaşdırma və s. xüsusiyyətləri özündə birləşdirir.
DevOps-un tarixindən bəhs edən məruzəçi onun kollaborasiya və etibarlılıq, paylaşılan məsuliyyət, şəffaflıq, rəylərin daha sürətli formalaşdırılması, proqram təminatının buraxılışlarının daha sürətli hazırlanması, planlaşdırılmamış işlərin düzgün idarə olunması kimi üstünlüklərə malik olduğunu diqqətə çatdırdı.
T.Mustafayevin sözlərinə görə, DevOps mühəndisi kompüter ekosistemini dizayn və idarə edə bilməlidir. O, avtomatlaşdırma skriptlərindən istifadə etməli, yüksək səviyyəli development praktikasına və DevOps alətlərlə işləmə təcrübəsinə sahib olmalı, bu sahədə gedən prosesləri anlaya bilməli, kod və skript yazma bacarığına malik olmalıdır.
“DevOps mühəndisinin komandalar, menecerlər və müştərilərlə səmərəli ünsiyyət qurması və əməkdaşlıq etməsi vacibdir. O, serverlərin qurulması və idarə edilməsi, verilənlər bazalarının yerləşdirilməsi, təhlükəsizlik monitorinqi, sistem yeniləmələri və daxili-xarici şəbəkə bağlantısının idarə edilməsi kimi sistem rəhbərliyi təcrübəsinə sahib olmalıdır. Komandalararası əməkdaşlıq, xüsusi təşkilati quruluşdan asılı olmayaraq, effektiv bir DevOps strategiyasının təməl hissəsidir. DevOps mühəndisi fərqli insanlarla birlikdə təşkilat daxilində məşqçi və iş yoldaşı olaraq çalışa bilməlidir”, – deyə məruzəçi bildirdi.
T.Mustafayev planlaşdırma, quruluş, infrastruktur, mənbə və versiya yoxlanması, inteqrasiya, monitorinq, idarəetmə, rəy bildirişi kimi DevOps alətləri barədə ətraflı məlumat verdi.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.