Bu günlərdə elektron poçt xidmətinin istifadəçilərinə qarşı kütləvi “fişinq” hücumlarının həyata keçirilməsi qeydə alınıb. “Fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxduraraq bədniyyətli məqsədlər üçün istifadə etməkdir.
Bu məsələ ilə bağlı AzScienceNet şəbəkəsinin administrasiyası müraciət yayıb. Qeyd olunub ki, elektron poçt vasitəsilə göndərilən faylların içərisində zərərverici proqramlar yerləşdirilir, beləliklə, linkə daxil olub məlumatları yükləyən istifadəçinin cihazına zərər dəyir. Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan istifadəçilərə məktub yazaraq, Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışılır.
Bu səbəbdən AzScienceNet şəbəkəsinin mütəxəssisləri e-poçt xidmətinin istifadəçilərinə xüsusilə diqqətli olmağı, tanımadıqları şəxslər tərəfindən göndərilən heç bir linkə daxil olmamağı və ya fayl yükləməməyi tövsiyə edir.
Hər hansı informasiya təhlükəsizliyi hadisəsi ilə üzləşdiyinizdə və bununla bağlı dəstəyə ehtiyacınız olduqda 012-510-29-35 telefon nömrəsi və ya admin@science.az poçt ünvanı vasitəsilə AzScienceCERT Xidmətinə müraciət etməniz, eləcə də baş verən informasiya təhlükəsizliyi hadisəsi ilə bağlı məlumatları saxlayaraq AzScienceCERT Xidmətinə göndərməyiniz xahiş olunur.