Gələcəyin geyimləri elektronika üçün akkumulyatoru əvəz edəcək 2015-03-16 09:31:27 / KONFRANSLAR

Son zamanlar daşınan elektronika (işıq saçan ayaqqabılardan tutmuş smart-saatlaradək) istifadəçilər arasında böyük populyarlıq qazanmaqdadır. Lakin bu cür qurğuların əsas çatışmazlığı onların hələ də yetərli enerji tutumuna malik olmayan kiçik batareyalarıdır. Amma, görünür yaxın gələcəkdə vəziyyət dəyişəcək.

 

Belə ki, alimlər ilk dəfə olaraq insanın hərəkətlərindən enerjini generasiya etmək qabiliyyətinə malik olan yetərli qədər davamlı və çevik parça hazırlayıblar. Bu parça həm də xarici enerji mənbəyi olmadan akkumulyatorları və superkondensatorları enerji ilə təmin edə bilir. Yeni ixtira kommersiya və tibbi təyinatlı məhsullarda istifadə edilə bilər.  

 

Bu haqda Amerika Kimya Cəmiyyəti (American Chemical Society) öz resursunda xəbər verir. hi-news.ru saytının bildirdiyinə görə, tədqiqatların nəticələri ACS Nano jurnalında dərc edilib.

 

Alimlər daşınan elektronikanın böyük potensiala malik olduğunu düşünürlər. Onun imkanları dəbli aksessuarlar rolunda çıxış etməklə bitmir. Kiçik və yüngül devayslar robotların dərisi qismində çıxış etməyə, həmçinin biologiya və tibbdə tətbiq edilməyə qabildirlər. Onları maksimum faydalı etmək üçün qurğunun dizaynına asanlıqla inteqrasiya edilən uzun müddətli enerji mənbəyi lazımdır. Mümkün həllərdən biri qismində hərəkətlərdən enerjini hasil edən “triboelektrik nanogeneratorlar” (“triboelectric nanogenerators”, TNG) texnologiyası işlənir. Tədqiqatçılar yeni TNG parça– nanomürəkkəb və silisium əsaslı üzvi materiallarla örtülmüş gümüşü parça yaradıblar.

 

Akkumulyator batareyası kompakt elektronikanın ən zəif yeri olaraq qalır. Axı, onun enerji sərfiyyatı kiçik ekran və yetərli qədər güclü prosessoru olmasına baxmayaraq devaysın kiçik batareyası üçün çox böyükdür. Belə vəziyyətdən bir neçə çıxış yolu var: ya kiçik akkumulyatorların tutumunun artırılması istiqamətində işləmək olar, yaxud da, qurğunun elə yerindəcə enerji ilə təmin olunmasına cəhd etmək olar. “Energetik” geyimin tikilməsi mümkün olan parçanı hazırlayan alimlər də elə ikinci yanaşmanı təqdim ediblər. Qeyri-adi həllin vüsət alacağı isə hələ ki, sual altındadır. Görəsən, qadjetlərini elektriklə təmin edən geyimi gəzdirməli olacaq daşınan elektronika istifadəçiləri bu ixtiranı bəyənəcəklərmi?

 

Elmi resursların səhifələrində tezliklə daşınan qurğuların yeni enerji mənbəyinin olacağına dair informasiya onu göstərir ki, bu kimi devayslar elm aləmi üçün maraqlıdır. Digər tərəfdən, bu kimi həll onu göstərir ki, ağıllı saat istifadəçiləri qurğunu enerji ilə təmin edəcək xüsusi geyim almalı olacaqlar. Bunun əksər istifadəçilər üçün rahat olacağını demək isə çətindir. Hansı asandır: hər gün saatı enerji ilə təmin etmək, yoxsa heç də ucuz olmayan qarderoba sahib olmaq?

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024