Bu barədə məlumatı AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev onlayn iclasda çıxışı zamanı səsləndirib. Direktor bildirib ki, AR Nazirlər Kabinetinin tələbləri və AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən, hazırda institutun fəaliyyətinin xüsusi karantin rejimində yenidən təşkili ilə bağlı tədbirlər həyata keçirilir: “AMEA Rəyasət Heyətinin 12 avqust 2020-ci il tarixli məktubunu nəzərə alaraq institut işçilərinin 50%-nin işə cəlb edilməsi məqsədəuyğun hesab edilir. 65 yaşdan yuxarı olan işçilərin işə çıxmamasına icazə verilir, məktəb və bağça yaşlı övladı olan analara isə müəyyən güzəştlər tətbiq edilir”.
Akademik əməkdaşların sosial məsafəni qoruyaraq həftələr üzrə qrafik müəyyən edilməklə işə cəlb edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, birbaşa təmasın maksimum dərəcədə azaldılması və xüsusi sanitar təhlükəsizlik qaydalarına riayət edilməsi məqsədilə iclas və toplantıların yalnız virtual texnologiyalar əsasında təşkilinə davam etdiriləcək.
Alim dövlətin koronavirus pandemiyası ilə əlaqədar qəbul etdiyi qərarların icrası, eləcə də yeni iş mövsümündə işə çıxmasına icazə verilən əməkdaşların sağlamlıqlarının qorunması məqsədilə institut daxilində ictimai nəzarət funksiyasının həyata keçiriləcəyini diqqətə çatdırıb.
“Bu işin həyata keçirilməsində institutun Həmkarlar komitəsi, Qadınlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurası və digər ictimai təşkilatlarının üzərinə ciddi vəzifələr düşür”, - deyə direktor əlavə edib. Qeyd edib ki, bu təşkilatların əməkdaşları xüsusi karantin rejiminin tələbləri və sosial məsafənin qorunması üzrə ictimai nəzarəti həyata keçirəcək, əməkdaşlarla mütəmadi olaraq profilaktik söhbətlər aparacaq.