İnstitutun xüsusi karantin rejimində fəaliyyəti yenidən təşkil olunur 2020-09-05 18:28:00 / KONFRANSLAR

AR Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və xüsusi karantin rejiminin tələblərini əsas götürərək AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının 50%-nin işə çıxması nəzərdə tutulur.

İnstitutun növbəti onlayn iclasında bu qurumun fəaliyyətinin xüsusi karantin rejimində yenidən təşkili məsələsi müzakirə olundu. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək rəhbəri olduğu qurumun həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də Azərbaycan hökumətinin koronavirus pandemiyası ilə bağlı verdiyi bütün qərarları dəstəklədiyini qeyd etdi.

R.Əliquliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu qərarına əsasən, xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadıldığını xatırlatdı. Alim bununla əlaqədar olaraq, rəhbərlik etdiyi institutda vəziyyətin təhlil edildiyini və qurumun fəaliyyətinin yeni şəraitdə təşkili ilə bağlı müvafiq qərarların qəbul olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, hər bir əməkdaş həm sağlamlığının qeydinə qalmalı, həm də institutun qarşısında duran vəzifələrin həyata keçirilməsində fəallıq nümayiş etdirməlidir.

Sonra institutun Kadrlar şöbəsinin müdiri Ülviyyə Ələkbərova çıxış etdi. Bildirdi ki, xüsusi karantin rejimi müddətində institutun əməkdaşları həm elmi, həm də praktiki fəaliyyətlərini onlayn rejimdə davam etdirmişlər. Ümumi və Kadrlar şöbəsi bütün tapşırıqların icrasını vaxtı-vaxtında həyata keçirmiş, instituta daxil olan sənədlərin rəsmiləşdirilməsini təmin etmişlər.

Məruzəçi AMEA Rəyasət Heyətinin 12 avqust 2020-ci il tarixli məktubunu nəzərə alaraq İnformasiya Texnologiyaları İnstitutunun işçilərinin 50%-nin işə cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd etdi.

Sonra o, institut əməkdaşlarının işə çıxma şərtləri və onların otaqlarda yerləşdirilməsi ilə bağlı siyahını diqqətə çatdırdı: “65 yaşdan yuxarı olan işçilərin işə çıxmamasına icazə verilir, məktəb və bağça yaşlı övladı olan analara isə müəyyən güzəştlər tətbiq edilir. Əməkdaşların sosial məsafəni qoruyaraq həftələr üzrə qrafik müəyyən edilməklə işə cəlb edilməsi üçün heç bir məhdudiyyət yoxdur. Digər işçilər isə öz fəaliyyətlərini onlayn rejimdə davam etdirəcəklər”.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, pandemiya dövründə institutun işinin daha səmərəli təşkili ilə bağlı təkliflər irəli sürüldü.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024