Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsinin IV kurs tələbələri 31 avqust - 12 sentyabr 2020-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçəcəklər.
Avqustun 31-də institutda MDU-nun tələbələri ilə “Zoom Meeting” proqramı vasitəsilə görüş keçirildi. Görüşdə tələbələrin təhkim olunduğu institut əməkdaşları – təcrübə rəhbərləri, eləcə də digər aidiyyəti şəxslər iştirak edirdilər.
İclasda təcrübə müddətində görüləcək işlər, veriləcək tapşırıqlar və həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar barədə müzakirələr aparıldı, tələbələri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, istehsalat təcrübəsi MDU-nun Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqavilə əsasında baş tutacaq.
Təcrübə müddətində informasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə nəzəri və texnoloji biliklər öyrədiləcək. Həmçinin tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və digər məsələlər aşılanacaq.