Ali təhsil müəssisələri və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir 2020-08-25 09:21:00 / MÜHÜM HADİSƏLƏR

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 25-dən 31-dək 2020/2021-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi elan edir.

Boş qalan yerlərə qəbul fevralın 23-də keçirilmiş qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 31-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (“Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub).

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Jurnalı DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul elanının tam mətni, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşma seçimi formasının nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlarla jurnalın 6-cı sayında tanış olmaq mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024