AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də “Web of science”, “Scopus” və digər elmi bazalarda çap imkanları haqqında idi.
Bu barədə AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək qeyd etdi ki, institut əməkdaşlarının dünya elminə inteqrasiyasının təmin olunması baxımından onların müəllifi olduğu məqalələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarda nəşri vacib məsələlərdəndir.
Alim innovativ elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibliyini qeyd etdi. Bu məqsədlə əməkdaşlara elmi sosial şəbəkələrdə fəal olmağı, nüfuzlu elmi bazalarda qeydiyyatdan keçməyi tövsiyyə etdi.
R.Alıquliyev, həmçinin “Web of science”in hazırda pandemiya şəraiti ilə əlaqədar olaraq, İnformasiya Texnologiyaları İnstitutu da daxil olmaqla, öz tərəfdaşlarına bu platformaya giriş imkanı verdiyini diqqətə çatdırdı.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək “Web of science”, “Scopus” “İnspec” kimi beynəlxalq platformalarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğuladı: “Məsul şəxslər bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərməli, institutun beynəlxalq bazalarda fəaliyyəti dərindən araşdırılmalıdır”.
Sonda institutun beynəlxalq bazalarda təmsil olunması ilə bağlı geniş müzakirələr aparıldı, təklif və tövsiyələr irəli sürüldü.