Martın 5-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Rasim Əliquliyevgündəlikdə duran məsələləri diqqətə çatdırdı. Seminarın Azərbaycan elminin qarşısında duran mühüm istiqamətlərdən biri olan “Big Data” problemlərinə həsr olunduğunu bildirdi.
“Big Data” texnologiyaları: mahiyyəti, problemlər və perspektivlər” mövzusunda məruzəni təqdim edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova Big Data mənbələri, tipləri, tətbiq sahələri və s. barədə məlumat verdi. O, “Big Data” termininin yaranma tarixindən söz açaraq bu terminin ilk dəfə 1998-ci ildə “Silicon Graphics” şirkətinin kompüter elmləri üzrə mütəxəssisi Con Maşi tərəfindən istifadə edildiyini, lakin terminin 100 ildən çox tarixə malik həftəlik “Nature” jurnalının 2008-ci il sentyabr ayının “big data” mövzusuna həsr olunmuş xüsusi nömrəsində professor Klifford Linçin “Böyük verilənlər. Sizin verilənlər necə böyüyür?” (“Big Data: How do your data grow?”) adlı məqaləsi ilə populyarlıq qazandığını qeyd etdi. Məruzəçi, 2001-ci ildə “Gartner” şirkəti tərəfindən təqdim olunan və böyük verilənlərin əsas problemlərini özündə əks etdirən“3V” konsepsiyasını diqqətə çatdırdı. “Böyük verilənlər dedikdə, böyük həcmli, sürətli və ya emal üçün çox mürəkkəb verilənlər nəzərdə tutulur”, - deyə bildirən M.Hacırəhimova “Big data” texnologiyalarının faydaları və təhlükələri, böyük verilənlərin müasir emal texnologiyaları, mövcud yanaşmalardan danışdı.
Məruzəçinin sözlərinə görə, ABŞ və bir sıra qərb dövlətlərində elmi ictimaiyyət, biznes-cəmiyyətləri, hökumət strukturları böyük verilənləri strateji resurs kimi neft (new oil) qədər dəyərli hesab edirlər.
O bildirdi ki, böyük verilənlər “International Data Corporation”, “McKinse Global İnstitutu”, “Gartner” və s. kimi şirkətlərin son tədqiqatlarında dinamik inkişaf edən sahə kimi təqdim edilir. Bu qurumlar “Big Data”nı 2013-cü ilin əsas texnoloji istiqaməti və 2014-cü ilin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin lokomotivi adlandırırlar.
M.Hacırəhimova verilənlərin toplanması və emalı, saxlanılması, vizuallaşdırılması, arxitektur, analitika, təhlükəsizlik, data scientist və s.-nin əsas “Big Data” problemlərindən olduğunu qeyd etdi.
Böyük verilənlərin xarakteristikalarından danışan M.Hacırəhimova onun elm, səhiyyə, astrofizika, bioinformatika və s. kimi sahələrdə, dövlət idarəçiliyində və nüvə tədqiqatlarında tətbiq olunduğunu nəzərə çatdırdı.
Məruzə ətrafında gedən müzakirələrdə texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Bikəs Ağayev, Şəfəqət Mahmudova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri çıxış edərək təklif və tövsiyələrini səsləndirdilər.