2021-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 50, institutun nəzdində fəaliyyət göstərən AzScienceNet elm-kompüter şəbəkəsinin yaranmasının isə 40 ili tamam olacaq.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AzScienceNet-in onlayn iclasında bu barədə məlumat verib.
İnstitutun yaranma tarixindən söz açan R.Əliquliyev qeyd edib ki, bu qurumun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS Şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərir. 1997-ci ildə AİS Şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılmışdır. 21 may 2002-ci ildə İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunmuşdur.
Alim 2021-ci ildə rəhbərlik etdiyi qurumda keçiriləcək tədbirlərin institutun 50 illik yubileyinə həsr olunacağını, eləcə də yubiley tədbirinin təşkil ediləcəyini diqqətə çatdırıb: “Tədbirdə institutun yarım əsr ərzində Azərbaycan elminin və informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfələr, ölkə elminin beynəlxalq aləmə inteqrasiyası, yeni nəsil ixtisaslı kadrların yetişdirilməsi, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eyni zamanda qarşıda duran vəzifələrə dair məlumatların ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”.
50 illik çərçivəsində, həmçinin institutun əsas tədqiqat istiqamətlərinə uyğun, elmi əsərlərin biblioqrafik göstəriciləri və xülasələrindən ibarət broşürlər və bukletlər nəşr olunacaq.
Sonra vitse-prezident AzScienceNet şəbəkəsinin tarixi haqqında məlumat verərək bildirib ki, Respublika Hesablama Mərkəzini birləşdirən Verilənlərin ötürmə şəbəkəsi (Akademset şəbəkəsi) ötən əsrin 80-ci illərində yaradılmışdır. 40 ilə yaxındır ki, fəaliyyət göstərən AzScienceNet şəbəkəsi bu gün AMEA-nın institut və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir. Bu şəbəkə Azərbaycan elmi-tədqiqat və təhsil mühitinin Avropa elmi-tədqiqat və təhsil fəzasına inteqrasiyasında mühüm rol oynayır.
Akademik R.Əliquliyev sonda məsul əməkdaşlara həm institutun, həm də AzScienceNet şəbəkəsinin yubileyinin keçirilməsi ilə əlaqədar olaraq arxiv sənədlərinin araşdırılması və tədbirlər planınının hazırlanması ilə bağlı tapşırıqlar verib.