AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AzScienceNet elm-kompüter şəbəkəsinin İdarəetmə Şurasının onlayn iclasında AzScienceNet-in Əsasnaməsi haqqında məlumat verib. Bildirib ki, Əsasnamə İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının 5 iyun 2020-ci il tarixli onlayn iclasının müvafiq qərarına əsasən hazırlanıb.
“AzScienceNet Azərbaycanın bütün elm və təhsil şəbəkələrini təmsil edən qurumdur” – deyən R.Ələkbərov şəbəkənin əsas məqsədinin elmi tədqiqat və təhsil sahələrinə, texnoloji və innovativ xarakterli tətbiqi işlərə dəstək verməkdən ibarət olduğunu söyləyib.
Məruzəçi qarşıya qoyulan məqsədlərə çatmaq üçün texnoloji inkişaf və fəaliyyət planlarının hazırlanması, onların maliyyə və maddi-texniki təminatı üçün tədbirlərin görülməsi, AMEA-nın institut və təşkilatlarının İnternet və şəbəkə xidmətləri ilə təmin edilməsi, elm və təhsil sahələrində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb.
Direktor müavininin sözlərinə görə, dövlətin elm və təhsil siyasətinin texnoloji aspektlərini formalaşdırmaq üçün proqnozların hazırlanması, əməkdaşların xaricə göndərilməsi, həmçinin xarici alim və mütəxəssislərin ölkəyə dəvət olunması, əməkdaşların, o cümlədən gənc mütəxəssislərin kvalifikasiya səviyyəsinin yüksəldilməsi də perspektivdə görüləcək işlər sırasındadır.
R.Ələkbərov, həmçinin Əsasnamədə AzScienceNet-in hüquqları, maddi-texniki bazası və maliyyə fəaliyyəti, eləcə də şəbəkənin əməkdaşlarının hüquq və vəzifələri barədə yer alan müddəaları diqqətə çatdırıb.