İyulun 2-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək iclasın “EaPConnect 2” layihəsi ilə bağlı görüləcək işlər, AzScienceNet elm-kompüter şəbəkəsinin perspektivləri və şəbəkənin maliyyə məsələlərinin müzakirəsinə həsr olunduğunu bildirib.
Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək AzScienceNet-in infrastruktur məsələləri və GEANT şəbəkəsi ilə bağlı mövcud vəziyyətdən danışıb. AzScienceNet-in infrastrukturunun genişləndirilməsi və texniki imkanlarının artırılması ilə bağlı görülən işləri diqqətə çatdırıb. Həmçinin GEANT tərəfindən təqdim olunan avadanlıqların AzScienceNet-də qoşulması, sazlanması və işə salınması, LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin Naxçıvan Muxtar Respublikasında quraşdırılması ilə bağlı məlumat verib.
İnstitutun Beynəlxalaq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev EaPConnect layihəsi çərçivəsində AzScienceNet-ə göstərilən maliyyə dəstəyi və öhdəliklər haqqında hesabatı təqdim edib.
İclasda, həmçinin 3Gb/s sürətin AMEA-nın təşkilatları arasında optimal şəkildə bölünməsi, GEANT tərəfindən təqdim olunan xidmətlərin vəziyyəti və perspektivdə nəzərdə tutulan işlərlə bağlı müzakirələr aparılıb.
Sonda akademik R.Əliquliyev AzScienceNet şəbəkəsində həyata keçirilən tədbirlərə dair fikirlərini səsləndirib, yaxın günlərdə şəbəkənin infrastrukturunun genişləndirilməsi və gücləndirilməsinə həsr olunmuş iclasın keçirilməsini təklif edib.