“2019-cu ildən geniş yayılmağa başlayan rəqəmsal mobil şəbəkələr üçün beşinci nəsil simsiz texnologiya olan 5G (ing.fifth generation) saniyədə 20 Gb-ə qədər sürətli İnternet təmin edə bilər”.
Bu fikirləri institutun elmi işçisi Kamran Cəfərzadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti onlayn elmi seminarında çıxışı zamanı səsləndirdi. “5G texnologiyası: perspektivləri və tətbiq sahələri” mövzusuna həsr olunan seminar “Zoom Meeting” proqramı vasitəsilə müzakirə edildi.
1G-dən 5G-yə qədər olan sürətlərin müqayisəsini aparan məruzəçi qeyd etdi ki, 5G 4G ilə müqayisədə 15-50% daha sürətlidir: “Buna görə də aşağı tezlikdə 5G texnologiyasını 4G texnologiyasının “təkamülü” adlandırmaq mümkündür”.
5G-nin tarixinə nəzər salan K.Cəfərzadə 12 may 2013-cü ildə “Samsung Electronics”in 5G sistemini hazırladığını bildirdi. Onun sözlərinə görə, sınaqda 5G şəbəkəsi üçün ötürmə sürətləri MIMO texnologiyasından istifadə edərək 1,056 Gbit/s sürətlə məlumatları 2 kilometrə qədər məsafəyə göndərildi. 3 aprel 2019-cu ildə isə Cənubi Koreya 5-ci nəsil şəbəkə texnologiyalarını tətbiq edən ilk ölkə oldu və sonradan siyahıya İsveçrə, Çin, Rusiya kimi ölkələr də qoşuldular.
Məruzəçi 5G şəbəkə avadanlıqlarının əsas təchizatçılarının “Huawei”, “Nokia” və “Ericsson” şirkətləri olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Çin şirkəti “Huawei” son 10 ildə 5G sənayesini inkişaf etdirmək üçün 2570 müvafiq patent və 20%-dən çox qlobal bazar payı alaraq müxtəlif növ tədqiqat və inkişaf sahələrinə 40 milyard dollardan çox sərmayə yatırıb.
K.Cəfərzadənin sözlərinə görə, rabitə keyfiyyətinin yüksəkliyi, daha az enerji sərfiyyatı, geniş əhatə dairəsi, yüksək sürətli istifadəçi hərəkətliliyi 5G texnologiyasının əsas üstünlükləri sırasına daxildir.
Daha sonra məruzəçi 5G-nin kiçik baza stansiyaları (“Small Cells”), həmçinin virtual və artırılmış reallıq (VR/AR), pilotsuz nəqliyyat vasitələri, bulud texnologiyası, səhiyyə, Əşyaların İnterneti (İnternet of Things- IoT) kimi 5G-nin əsas tətbiq sahələri barədə ətraflı məlumat verdi. 5G və IOT haqqında danışaraq bildirdi ki, 5G-nin işə salınması minimal enerji sərfiyyatı ilə Əşyaların İnterneti potensialını bir anda daha çox qoşulma ilə (1 kvadrat kilometrə 1 milyonadək) artırılması gözlənilir.
O, dünyanın ilk 5G modemi, 5G-ni dəstəkləyən ilk cihaz, eləcə də Azərbaycanda 5G texnologiyasının tətbiqi barədə məlumatı diqqətə çatdırdı. Mobil rabitə şirkəti “Azercell Telekom”un öz tərəfdaşı “Ericsson” ilə birlikdə 5G şəbəkəsinin sınağı zamanı 1,1 Gb/san yükləmə sürəti qeydə aldığını vurğuladı.
Sonda K.Cəfərzadə 5G texnologiyasının təhlükə mənbəyi olub-olmaması, koronavirus yoluxması və 5G, immun sisteminin zəifləməsinin əsas səbəbkarı hesab edilən elektromaqnit şüalanmasını və bu şüalanmanı yaradan 5G antennalar haqqında da danışdı.
İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini bildirdi. Koronavirus pandemiyası dövründə 5G texnologiyasının perspektivləri və tətbiq sahələri ilə bağlı tədqiqatların dərindən araşdırılmasının vacibliyini qeyd etdi.