Planşetlər müəllimləri əvəz edəcəkmi? 2015-03-05 12:47:57 / KONFRANSLAR

Müasir dövrdə texnologiyalar inkişaf etdikcə, ənənəvi təlim metodlarını da nəzərdən keçirmək lazım gəlir. Bu tendensiya, öz növbəsində, birmənalı qarşılanmır. Bir tərəfdən, yeni texnologiyaların ümumiyyətlə, müəllimləri əvəz edə biləcəyindən ehtiyat edilir. Lakin burada başqa bir yanaşma da vardır ki, bu yanaşmaya görə, texnologiyalar sadəcə olaraq təhsildəki problemləri həll edir.

 

Finlandiya, İsveçrə və Belçika mütəxəssislərinin birgə apardıqları araşdırmalar yüksək texnologiyalar dövründə müəllimlərin rolunun necə olacağını daha yaxşı anlamağa imkan verir. “Bəzi qurğular dərslərin təkcə faydalı deyil, həm də maraqlı məşğuliyyət olması üçün yaradılıb. Gənc nəsil üçün planşet kağız kitabdan daha cəlbedicidir. Bu faktdır və onu yalnız qəbul etmək qalır”.

 

Müəllim artıq bilavasitə “biliklərin tədarükçüsü” olmayacaq. Onun əsas vəzifəsi təlim prosesinin və bu proses zamanı yaranan problemlərin iştirakçılarla birgə həllinin koordinasiyası olacaq. hi-news.ru resursunda yüksək texnologiyaların yeni təlim imkanları yaratdığı qeyd olunur. Finlandiyanın Təhsildə Tədqiqatlar İnstitutunun professoru Rayya Hamyalyaynen mobil devaysların böyük əhəmiyyətini qeyd edib: “Planşet və smartfonların köməyilə təhsillə iş arasında əməkdaşlığın dəstəyi üçün yeni yollar tapılıb. Məsələn, iş yerində çəkilmiş video məktəbdə təlim materialı qismində istifadə oluna bilər”. Professor R. Hamyalyaynen onu da qeyd edib ki, smartfonlar əvvəllər pedaqoji praktikada əlyetərli olmayan yeni imkanlar yaradıblar. “Ağıllı” telefonlar iştirakçılara təlim prosesində daha fəal rol oynamağa imkan verir: “Smartfonlar vasitəsilə məktəblilər öyrəndikləri mövzunu misallarla izah etmək üçün skriptlər yaza və video yarada bilərlər”.

 

Yeni texnologiyalardan düzgün istifadə isə təlim prosesini daha interaktiv etməyə imkan verir. Amma bunun üçün müəllimlər daha da ixtisaslaşmalıdırlar. Axı, təkcə şagirdlər deyil, həm də müəllimlər təlimdə istifadə olunan texnikadan baş çıxarmalıdırlar. Peşəkar təhsil müəssisələrinin şagirdləri və pedaqoqlar arasında aparılmış araşdırmalara əsasən professor qeyd edir: “Gələcəyin təhsil mühitində içərisində təlim prosesini dəstəkləyən planşet, smartfon və oyunların olduğu yeni texnologiyalardan uğurla istifadə etmək mühüm şərtdir”.

 

Aydın olub ki, video oyunlar təkcə maraqlı və əyləncəli deyil, həm də faydalı ola bilər. Əgər gənc nəsil bu oyunlara alışıbsa, o zaman nə üçün onlardan yeni biliklərin əldə olunması üsulu qismində istifadə olunmasın? Bunun üçün şagirdlərdə maraq yaradacaq müvafiq öyrədici oyunlar lazımdır. Texnologiyalar daim təhsil sferasını dəyişir. Bu proses daim gedir, amma hazırda cib kompüterlərinin kütləvi şəkildə yayılması prosesi sürətləndirib. Amma müəllimlərə istənilən halda ehtiyac var. Axı, sensor ekranların gələcəyin riyaziyyatçılarını tərbiyə edə biləcəyi məhz müəllimdən asılıdır, yoxsa ki, onlardan istifadə yalnız oyun oynamaq, sosial şəbəkələrdə və veb-məkanda məqsədsiz “dolaşmaq”dan ibarət olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024