Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın onlayn iclasında çıxışı zamanı səsləndirib.
İclasda institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AzScienceNet elm-kompüter şəbəkəsinin xüsusi karantin rejimindəki fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, mart-aprel aylarında EapConnect layihəsi çərçivəsində İnternet backup (ehtiyat) xəttinin 1Gb/s sürətə çatdırılması, AzEduNet şəbəkəsi ilə AzScienceNet şəbəkəsi arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/san portların aktivləşdirilməsi və xəttlərin qeyd edilən portlara qoşulması işləri aparılmışdır.
R.Ələkbərov qeyd edib ki, 10 fevral 2020-ci il tarixindən AMEA-nın bəzi institut və təşkilatlarında CloudNet adlı yüksək təhlükə dərəcəsinə malik troyan virusu aşkarlanmış, təcili tədbirlər nəticəsində bu problem aradan qaldırılmışdır.
O, koronavirus pandemiyası dövründə AzScienceNet şəbəkəsinin fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institut əməkdaşlarından ibarət İşçi qrupun yaradıldığını, əməkdaşların Verilənlərin Emal Mərkəzinin fəaliyyətinə növbətçilik prinsipi əsasında texniki dəstək göstərdiklərini söyləyib. Alim pandemiya dövründə AMEA-nın əsas binasında yerləşən institutlarda əməkdaşların kompüterlərində videokonfransların təşkili üçün “Zoom Meeting” proqramının quraşdırılmasına köməklik göstərildiyini də qeyd edib.
Həmçinin Fiziologiya İnstitutunun AzScienceNet şəbəkəsinə qoşulması üçün yeni optik kabellərin çəkilməsi, LoLa-xidmətinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında istifadəyə verilməsi, Fizika İnstitutunun şəbəkə infrastrukturunda yeni intellektual kommutatorların quraşdırılması ilə bağlı görülən işlər haqqında məlumat verib.
İnstitutun maddi-texniki bazasının vəziyyəti haqqında danışan direktor müavini bu elmi müəssisədə 7 ədəd kommutator, 2 ədəd marşrutizator tipli avadanlığın sazlandığını və şəbəkədə istifadəyə verildiyini nəzərə çatdırıb. Bildirib ki, hazırda institutda AzScienceNet şəbəkəsi üzərindən yüksək standartlara uyğun videokonfrans sisteminin yaradılması üçün intensiv işlər aparılır.
Akademik Rasim Əliquliyev AMEA-nın qarşısında duran vəzifələrin icrasında AzScienceNet şəbəkəsinin xüsusi rolunu önə çəkərək şəbəkənin infrastrukturunun təkmilləşdirilməsi, texniki imkanlarının artırılması və maliyyələşdirilməsi ilə bağlı tövsiyələr verib. Alim institutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki bazanın formalaşdırılmasının müasir dövrün tələbi olduğunu diqqətə çatdırıb, rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən alim və mütəxəssislərin bu prosesdə fəal iştirakının zəruri olduğunu deyib.