Akademik Rasim Əliquliyev: “Pandemiya nə qədər ölümlərə səbəb olsa da, bizi ayıltdı” 2020-05-13 16:40:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Modern.az saytına müsahibə verib.

 

- Rasim müəllim, koronavirus pandemiyasının yayılması, bütün dünyada #evdeqal çağırışının aktuallaşması informasiya-kommunikasiya texnologiyalarından, İnternetdən istifadənin rekord həddə çatmasına gətirib çıxardı. Bu durum bizə gələcəkdə nə vəd edir?

- Yaxşı ki İnternet var. Əgər koronavirus dövründə insanlar arasındakı ünsiyyəti təmin edən bu vasitə olmasaydı, çox çətin olacaqdı. Son zamanlar “sosial izolyasiya” ifadəsini tez-tez eşidirik. Mən bunu o qədər də uyğun ifadə hesab etmirəm. Çünki söhbət fiziki izolyasiyadan gedir. Sosial izolyasiya odur ki, insanları bir-birinə bağlayan informasiya, kommunikasiya kanalları qırılsın. Hazırda isə bu vasitələr yerində olduğuna görə Yer kürəsində istənilən insan digərləri ilə münasibətləri qura bilir. Koronavirusla yanaşı, kompüter virusu da yayılsaydı, daha böyük problemlər yaranardı. Belə ki, İnternet mühitinin özü kompüter virusu pandemiyasına məruz qalsaydı, həm dövlət orqanları işlərini səmərəli təşkil edə bilməzdi, həm də vətəndaşlar vacib məlumatı ala bilməzdi. Sosial münasibətlər, ailə münasibətləri sistemi böyük çətinliklərlə qarşılaşardı.

Xoşbəxtlikdən, bu gün İnternet, elektron kommunikasiya vasitələri operativ ünsiyyəti təmin edə bilir. Çünki bu informasiya infrastrukturunu dağıtmaq, İnternetin işini pozmaq dünyada qlobal informasiya böhranı yarada bilər. İnformasiya böhranı isə öz növbəsində, istənilən fəaliyyət sahəsində, idarəetmədə problemə səbəb olur.

İnformasiya əsrində vacib məsələlərdən biri də enerji təhlükəsizliyidir. Çünki enerji olmasa, informasiya-kommunikasiya texnologiyalarının fəaliyyəti iflic vəziyyətə düşər. Enerji təhlükəsizliyi təmin edilməsə, texnoloji inkişaf olmaz.

Koronavirusla mübarizəni dünya dövlətlərinin hərəsi bir səviyyədə həyata keçirir. Azərbaycanda koronavirusla mübarizə çox yüksək səviyyədə təşkil olunur və bu fəaliyyət Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Ölkəmiz həmçinin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı geniş imkanlara malikdir. Bütün bunlar dövlətin üzərinə düşən vəzifələri yerinə yetirə bilməsi, vətəndaşların kommunikasiya, informasiya tələbatlarının ödənilməsi üçün çox vacibdir.


Azərbaycanın bir çox vətəndaşları xarici ölkələrdə yaşayır, təhsil alır, işləyirlər. Koronavirus təhlükəsi tələb edir ki, uzaqda olan yaxınınla danışanda gərək mütləq onun üzünü görəsən, sağlamlığından əmin olasan. Ona görə də bu gün kommunikasiyanın vacibliyi önə çıxır, əvvəllər rastlaşılmayan durum yaranır. İnternet geniş yayıldığı vaxtdan insan fəaliyyətində mühüm rol oynasa da, heç zaman həyatımızda indiki kimi kritik əhəmiyyət kəsb edən vasitə rolunu oynamamışdı.


Hazırkı vəziyyət praktikada informasiya texnologiyalarının imkanlarının genişləndirilməsi üçün böyük zəmin yaradır. Koronavirusla bağlı gedən proseslər dərindən təhlilə ehtiyacı olan məsələlərdir. Düzdür, pandemiya böyük fəlakətlərə, insanların ölümünə səbəb olur. Amma bu kritik dövrdə cəmiyyətin yenidən qurulması, insanların İnternetdən istifadəsinə önəm verməsi, bunun təsirləri, İnternetin təhlükəsizliyi və dayanıqlılığının təmin olunması daha da aktuallaşdı.


Böyük həcmdə zəruri informasiyanın toplanması, analiz olunması və intellektual texnologiyaların meydana gəlməsi bir sıra hallarda insan fəaliyyətini əvəzləməklə işsizliklə bağlı ciddi problemlər də yarada bilər. Proqnozlara görə, 2030-cu illərdə bugünkü aktual olan bir sıra peşələr aktuallığını itirəcək, yeni peşələr meydana çıxacaq. Koronavirus həm də bəşəriyyəti silkələdi ki, yeni texnoloji çağırışlara hazır olmaq lazımdır. Təhsildə informasiya texnologiyaları ilə əlaqədar bilikləri artırmaq lazımdır ki, gələcəkdə insanlar bu təhlükələrin yaradacağı təhlükələrdən əziyyət çəkməsinlər, zəruri İKT savadına və informasiya təhlükəsizliyi mədəniyyətinə malik olsunlar.


- Koronavirus ortaya çıxanda əksər dövlət rəhbərləri "dünya əvvəlki dünya olmayacaq" deyə fikir səsləndirdilər. Demək olarmı ki, koronavirus virtual dünyanı gücləndirmək üçün ortaya çıxdı? Bununla bərabər insanların fərdiləşməsi ilə bağlı ciddi dəyişiklik olduğunu söyləyə bilərikmi?

- İnsanların fərdiləşməsi, yəni özünütəcridetmə iddiasını fiziki olaraq qəbul etmək olar. Pandemiya ilə mübarizənin xüsusiyyəti budur ki, gərək insanlardan uzaqlaşasan, başqalarını yoluxdurmayasan. Amma insanların uzun müddətə hər hansı bir hucrəyə çəkilməsini yaxşı hal kimi qeyd edə bilmərik. Buna baxmayaraq, indi insanlar İKT-dən istifadə edərək daha da sosiallaşırlar, zəruri fəaliyyəti, ünsiyyəti həyata keçirirlər. Məsələn, koronavirus olmasaydı, distant təhsilə, elektron elmə, onlayn ticarətə bu səviyyədə əhəmiyyət verərdik? Pandemiya nə qədər qlobal müsibətlərə, ölümlərə səbəb olsa da, bizi ayıltdı. Bütün sahələrdə yeniliklərin tətbiq edilməsinə zəmin yaratdı. Məsələn, qeyri-neft sektorunun inkişafı bir daha gündəmə gəldi, İnternetdən istifadənin genişlənməsinə, cəmiyyətin və dövlətin onlayn texnologiyalaar əsasında idarə olunmasına və s. daha yüksək tələbat formalaşdı.

İnternetin özü normal şərait, standart tələbat üçün yaradılmışdı. Heç kimin ağlına gəlməzdi ki, birdən-birə İnternetə bu dərəcədə böyük tələbat olacaq və istifadəsi qlobal səviyyədə genişlənəcək. Hesab edirəm ki, koronavirus pandemiyasının yekunlaşması ilə bütün dünya dövlətləri İKT və İnternet texnologiyalarının inkişafına daha böyük diqqət ayıracaqlar. Yeni smart qurğular, sistemlər hazırlanacaq, bu sahə daha prioritet sahə olaraq qalacaq. Bu reallıqları nəzərə alaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyev də bütün elmi tədqiqat institutlarının qarşısına vəzifə qoyub ki, koronavirusla əlaqəli olan problemlərin həllinə dəstək göstərsinlər. Biotibbi və kimya texnologiyaları ilə yanaşı, süni intellekt texnologiyaları da bununla əlaqədar zəruri dəstəyi təmin edə bilər və alimlərimiz artıq bu istiqamətdə tədqiqatlara başlayıblar. Elektron dövlətin və onun funksional komponentlərinin ekstremal şəraitdə dayanıqlı və təhlükəsiz fəaliyyət göstərməsi üçün müəyyən elmi-nəzəri problemlərin həlli istiqamətində təklif və tövsiyələr işləyirik. Artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları bu problemlərlə bağlı qrant müsabiqələri elan edirlər.


- Etiraf etmək lazımdır ki, koronavirusla bağlı həddən artıq, əksər hallarda bir-biri ilə ziddiyyət təşkil edən çoxlu sayda fikirlər irəli sürülür. Vətəndaşlar bunlardan nəyin faydalı, nəyin ziyanlı olduğunu qiymətləndirməkdə çətinlk çəkirlər...

Koronavirusla bağlı fərqli baxışlar, real, qeyri-real, bəzənsə fantastik, romantik fikirlər ortaya atılır. Amma  alimin özünün mövqeyi realist olmalıdır. Pandemiya ilə bağlı tədqiqatlar sona çatmadıqca, belə fərziyyələr daha çox olacaq. Güman edirəm ki, müasir dövrdə elmin, texnologiyanın inkişaf səviyyəsi bu problemlərin yaxın zamanlarda həlli üçün lazımi vasitələrin tapılmasına imkan verəcəkdir.

Etiraf etmək lazımdır ki, dünyada, həmçinin ölkəmizdə indiyə qədər virusologiya elminə o qədər də əhəmiyyət verilmirdi. Amma koronavirus pandemiyasından sonra bununla bağlı tədqiqatların, ümumiyyətlə, biotəhlükəsizlik problemlərinin aktuallaşacağını düşünürəm. Artıq AMEA-da bu məsələlər geniş müzakirə olunur və zəruri təkliflər işlənilir.


Mikroçiplərin istifadəsi cəmiyyətdə belə bir fikir formalaşdırıb ki, bu, nəzarətin başqa formasıdır. Bu nə dərəcədə realdır?

-  Yəqin ki, söhbət müxtəlif məqsədlərlə (e-pasport, tibbi vəziyyət və s.) insanların bədəninə daxil edilən çox kiçik ölçülü çiplərdən gedir. Ümumiyyətlə, informasiya əsrində böyük problemlərdən biri də insanların həssas fərdi məlumatlarının qeyri-qanuni əldə olunaraq paylaşılmasıdır. Hətta əlimizdəki mobil telefon kiminlə ünsiyyətdə olduğunuz, nədən danışdığınız, harada olduğumuz və s. haqqında məlumat verir. Şübhəsiz ki, bu cür texnologiyalar dünyamızı, bir növ, şəffaf akvariuma çevirir. Dünyada fərdi məlumatların “qara bazar”ı formalaşır. İnsanların fərdi məlumatlarının qorunması, informasiyanın əldə edilməsinin, istifadəsinin, yayılmasının hüquqi tənzimlənməsi, bu sahədə beynəlxalq əməkdaşlıq və s. məsələlər müzakirə olunur.

Ötən il institutumuzda informasiya təhlükəsizliyinin aktual problemlərinə həsr olunmuş elmi konfransda bununla bağlı ciddi müzakirələr keçirilmişdi. Hazırda dövlət də, cəmiyyət də bu problemlərə həssaslıqla yanaşır. Bununla bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülür.

Mikroçiplərin istifadəsinin müsbət və eyni zamanda, mənfi tərəfləri vardır. Əsas müsbət tərəfi odur ki, mikroçiplər insanın orqanizminə yerləşdirilir, onun səhhəti haqqında məlumat toplamaq, analiz etmək üçün geniş imkanlar vəd edir. Bunun nəticəsində də müəyyən xəstəliklərin trendi öncədən aşkarlanır və qabaqlayıcı tədbirlər görülür.

Mikroçiplərdən insanları identifikasiya etmək üçün də istifadə etmək olar. Terrorçularla, digər cinayətkarlarla mübarizə aparmaq, cəmiyyətdə hansısa cinayətkarı tapmaq üçün bu sistemlər çox əhəmiyyətlidir.

Artıq dünya yeni texnoloji inkişaf mərhələsinə qədəm qoyur. Son vaxtlarda aktual olan digər bir məsələ də “5G” texnologiyasının tətbiqidir. Bildiyiniz kimi, Çinin “Huawai” şirkəti bu texnologiyanı ABŞ-da tətbiq etmək istəyirdi. Fərdi məlumatların qorunması və bəzi strateji məsələlərə görə ABŞ buna imkan vermədi. Çünki bu texnologiya vasitəsi ilə cəmiyyətdə total nəzarət, ayrı-ayrı dövlətlərin və qurumların maraqlarına xidmət edən müəyyən addımlar da aktuallaşa bilərdi. 

Bundan başqa, mikroçipləri müxtəlif əşyalara, vasitələrə də yerləşdirmək olur ki, bu zaman da böyük strateji əhəmiyyətli kiberfiziki obyektlərin, infrastrukturların işini pozmaq mümkündür.

Məhz buna görə də, son zamanlar cənab Prezident İlham Əliyev çıxışlarında bu məsələyə böyük diqqət ayırır. Bu ilin yanvar ayında cənab Prezident İlham Əliyev “Davos” forumunda da bununla əlaqədar ciddi məqamlara toxundu. Bunları rəhbər tutaraq, ölkəmizdə süni intellekt texnologiyalarının inkişafına böyük diqqət ayrırır, alimlərimiz bununla əlaqədar əhəmiyyətli araşdırmalar aparırlar. Həmin qabaqcıl texnologiyaların Azərbaycanda geniş tətbiqi, ölkəmizin texnoloji infrastruktur mühitinin bu çağırışlara uyğun formalaşdırılması, xüsusi data mərkəzlərin, superkompüter klasterlərinin formalaşdırılması, kütləvi “buludlaşma”ya hazırlıq və s. məqamlar diqqət mərkəzindədir.  

O ki qaldı narahatlığa, istənilən texnoloji yeniliyin iki sifəti var: atom enerjisi və atom bombası, bioloji nailiyyətlər və bioloji silah kimi və s. Bəşəriyyət özü həmin texnoloji təhlükələrin qarşısını almaq üçün müəyyən kompleks tədbirlər görür. Ona görə də, mikroçiplərin də tətbiqi zamanı konkret hüquqi mexanizmlər işləniləcək, həm beynəlxalq, həm də milli qanunvericilik bazası həmin tələblərə uyğunlaşdırılacaqdır.


- Rasim müəllim, dünyanın başqa ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlərlə əlaqələri necə qiymətləndirirsiniz?

- Bu gün 500-ə qədər azərbaycanlı alim xarici ölkələrdə fəaliyyət göstərir. Bu alimlər xalqımızın intellektual sərvətidir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu alimlər xalqımızın intellektual sərvətidirlər.

Bu gün AMEA-nın prioritetlərindən biri də ondan ibarətdir ki, biz həmin alimlərlə sıx əməkdaşlıq edək, onların potensialı xalqımızın, ölkəmizin inkişafına xidmət etsin, gənc kadrların hazırlanmasında onların təcrübəsindən istifadə edilsin, həm də dünya səviyyəsində onların qazandığı nailiyyətlər Azərbaycanımıza şöhrət gətirsin.

Bizim institut tərəfindən müvafiq dövlət proqramı çərçivəsində dünyanın bütün qitələrində yaşayıb fəaliyyət göstərən Azərbaycan alimləri haqqında böyük zəhmət hesabına məlumatlar toplanaraq “Azərbaycan alimləri diasporu” informasiya  sistemi – www.diaspor.gov.az saytı hazırlanmış və Diasporla iş üzrə Dövlət Komitəsinin sərəncamına verilmişdir. Bu saytın yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya bazasının formalaşdırılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə tanıdılması, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Həmin alimlər ölkəmizdə yeni intellektual cəmiyyətin formalaşmasında yaxından iştirak edirlər, birgə qrantlar çərçivəsində tədqiqatlar aparır, diqqətəlayiq elmi nəticələr əldə edirlər.  


- Koronavirus bitəndən sonra klassik, real dünyaya “əlvida”, virtual dünyaya “xoş gəldin” deyə biləcəyikmi?

- Sizin bu fəlsəfi məzmun daşıyan sualınıza cavab olaraq bildirmək istəyirəm ki, ayrılıqda nə real (klassik) dünya yoxdur, nə də virtual dünya. Hər iki dünya birlikdə tam vəhdət təşkil edir və heç zaman ayrılmazdır. Bəşər tarixində virtual dünya həmişə mövcud olubdur, sadəcə olaraq, elm və texnologiyanın mövcud potensialına müvafiq olaraq müxtəlif imkanlara malik olubdur. İnternetin meydana gəlməsi ilə bu virtual məkan qlobal səviyyədə ayrı-ayrı şəxslərə, xalqlara, ölkələrə və digər sosiumlara məxsus informasiya fəzalarını, obyektlərini vahid bir mühitə inteqrasiya etməkdədir. IV sənaye inqilabının əsas lokomotivi olan Əşyaların İnterneti texnologiyaları, kiberfiziki sistemlər artıq real məkan subyektləri (insanlar, əşyalar və s.) ilə virtual məkan subyektlərini konvergensiya edir (çulğalaşdırır). Başqa sözlə, sivilizasiya tarixində ilk dəfə olaraq təbiət və cəmiyyət sosiotexnoloji əsasda yenidən qurulmağa başlayır. Belə bir şəraitdə sensorlar vasitəsi ilə istər mikro, istərsə də makroaləm haqqında hər çür məlumat toplamaq, analiz etmək, yeni biliklər əldə etmək, təbiətin, cəmiyyətin inkişafı, təhlükələrin qarşısının alınması üçün çox səmərəli, dəqiq qərarlar qəbul etmək mümkün olacaqdır. Ona görə də biz ölkəmizdə dayanıqlı, etibarlı, intellektual keyfiyyətlərə malik virtual məkanın formalaşmasına xüsusi diqqət ayırmalıyıq.

- Bir tərəfdən, koronovirusun yaratdığı problemlər, digər tərəfdən isə, İnternet təminatı vətəndaşlarda bəzi narahatlıqlar doğurur. Bu, nə ilə əlaqədardır? Bəlkə İnternet də koronovirusa “yoluxub”?

- Əvvəla, onu qeyd edim ki, belə situasiyaların baş verməsinin çoxlu səbəbləri ola bilər. Bunları, ümumiyyətlə, 2 qrupa - obyektiv və subyektiv səbəblərə bölmək olar. Birincisi, mütəxəssislər bilir ki, istənilən şəbəkə - fərqi yoxdur, nəqliyyt şəbəkəsi, yaxud kompüter şəbəkəsi olsun - onlara məxsus kommunikasiya infrastrukturunda hər hansı səbəbdən axının ənənəvi yolları (marşrutları) dəyişərsə, yəni bir stasionar – qərarlaşmış vəziyyətdən digər uyğun vəziyyətə keçid prosesində şəbəkənin xidmət göstəricilərinin pisləşməsi təbii haldır. Belə bir vəziyyətə dünyanın başqa ölkələrində də rast gəlinirdi.

Adi vəziyyətdə ölkə əhalisinin aktiv hissəsi İnternetdən, əsasən, iş yerlərində və ya mobil qoşulmalar vasitəsi ilə istifadə edirlər. Ona görə də müvafiq qurumlar tərəfindən əsas diqqət həm ölkə, həm də ayrı-ayrı təşkilatlarda mövcud şəbəkə infrastrukturunun inkişafına, yəni onun yeni avadanlıqlar, texnologiyalar, vasitələrlə təmin olunmasına yönəlirdi, keyfiyyət göstəriciləri arzuolunan səviyyədə təmin olunurdu. Digər tərəfdən, hər bir vətəndaş və onun ailə üzvləri İnternetə olan tələbatı adi həyat rejimində fərdi qaydada həll edirdilər.

Təsəvvür edin ki, qəflətən belə bir esktremal vəziyyət yaranır, bütün insanlar karantin rejiminin sərt tələblərinə müvafiq olaraq 24 saat evdə olmaq məcburiyyətində qalırlar. Təbiidir ki, belə bir şəraitdə insanların sosial kommunikasiya və informasiya tələbatı qəflətən bir neçə dəfə artır. Nəticədə evlərdən İnternetə qoşulan xətlərin buraxılış qabiliyyəti, provayderlərin serverlərinin gücü belə yüklənməyə müəyyən mənada duruş gətirə bilmir. Həm də aktiv istifadəçilərin “əlləri” iş yerlərindəki yüksək imkanlara malik stasionar İnternetə çatmır. Bu reallığı nəzərə alaraq, ölkənin İnternet provayderləri şəbəkə infrastrukturunu, onun texniki imkanlarını yeni ekstremal şəraitin tələblərinə uyğun optimallaşdırırlar.

Amma bu narahatlıqları doğuran bəzi subyektiv səbəblərin mövcudluğu da istisna deyil. Belə ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da kommersiya fəaliyyəti ilə məşğul olan bir neçə şəbəkə operatoru beynəlxalq telekommunikasiya bazarından topdansatış qaydada İnternet trafikini alır və ölkə daxilində pərakəndə satışı həyata keçirən provayderlərə satır. Onlar da, öz növbəsində, aldıqları trafiki müxtəlif biznes strategiyaları əsasında vətəndaşlara, təşkilatlara təqdim edirlər. Təhlillər göstərir ki, bu narahatlıqları doğuran əsas subyektv səbəbləri İnternet provayderləri ilə istifadəçilər arasında qurulan hüquqi, maliyyə, texnoloji və s. xarakterli münasibətlərin tənzimlənməsində olan “boşluqlarda” axtarmaq lazımdır.

İcimai rəyə əsasən demək olar ki, bəzi provayderlər təqdim etdikləri xidmətlərin keyfiyyət və kəmiyyətinə istifadəçilərin nəzarət etmələri üçün səriştələrinin yetərli olmamasından sui-istifadə edirlər. Başqa sözlə, bu nəzarət-ölçmə imkanı, yəni tərəzi yalnız provayderlərin əlindədir. İstifadəçilərin isə həmin tərəzidən istifadə etmək imkanı yoxdur. Bunun da nəticəsində istifadəçilər əsaslı narahatlıqlarının səbəbini əksər hallarda provayderlərə sübut edə bilmirlər və haqlı olaraq narazı qalırlar. Belə bir vəziyyətin yaranmasında müvafiq dövlət qurumları yox, məhz daha çox mənfəət əldə etmək məqsədini qarşıya qoyan bəzi provaayderlər məsuliyyət daşıyırlar. Düşünürəm ki, İnternet istifadəçilərinin istehlak hüquqlarını qorumaq məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanaraq, “provayder-istifadəçi” münasibətlərinin tənzimlənməsinin normativ-hüquqi bazasının gücləndirirlməsinə ehtiyac yaranmışdır.

Əlbəttə ki, digər subyektiv səbəblər də mövcuddur. Məsələn, vətəndaşların İKT biliklərinin zəif olması, kompüter və brauzerin parametrlərinin qeyri-peşəkar səviyyədə sazlanması, şəbəkə virusları ilə mübarizə və s. kimi vərdişlərin olmaması İnternet xidmətlərinin keyfiyyətini əhəməiyyətli dərəcədə aşağı salır.

Bütün bunlara baxmayaraq, koronovirus pandemiyası şəraitində digər peşə sahibləri kimi İKT mütəxəssisləri də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər, yaranmış hər hansı problemin həll olunması, vətəndaşların məmnuniyyəti üçün əllərindən gələni əsirgəmirlər. Heç şübhəsiz, qarşıya çıxan bu kimi qeyri-normal situasiyalar gələcək fəaliyyətlin daha səmərəli qurulması üçün bir örnək olacaqdır.


- Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının istehsalı, hazırlanması çox aşağı səviyyədədir. Biz bu texnologiyaları, demək olar ki, 100 faiz xarici ölkələrdən idxal edirik. Qeyd etdiyimiz sahənin inkişafı üçün hansı addımların atılmasına ehtiyac var?

- İKT məhsulları dedikdə, əsasən, 3 növ məhsul başa düşülür. Birincisi, İKT qurğuları, hissələri, avadanlıqları və s. (hardware). İkincisi, proqram məhsulları (software), üçüncüsü isə, alimlər tərəfindən təklif edilən “know-how” məhsullar, metodlar, alqoritmlər (brainware) nəzərdə tutulur. Hal-hazırda dünya bazarının təhlili göstərir ki, ölkəmiz tətbiqi proqram məhsulları, eyni zamanda, elmi tutumlu smart-texnologiyların istehsalı sahəsində rəqabətədavamlı layihələr təhklif etmək imkanlarına malikdir. Düşünürəm ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün bu sektorun qarşısında mühüm vəzifələr durur. Hal-hazırda bu vəzifələri həyata keçirmək üçün ölkəmizdə İKT sahəsində kadr hazırlığına, xüsusən də, kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə mütəxəssislərin yetişdirilmsinə xüsusi diqqət ayrılır. Bundan başqa, ölkəmizdə biliklər iqtisadiyyatının ən perspektivli sahələrindən biri kimi proqram mühəndisliyi ixtisası üzrə kadrların hazırlanması məsələləri geniş müzakirə olunur. Yuxarıda qeyd etdiyim kimi, biz artıq Əşyaların İnterneti, IV sənaye inqilabının tələblərinə müvafiq olaraq, milli proqram sənaysinin formalaşması istiqamətində zəruri tədbirlər görməliyik. Bu həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən milli maraqlara cavab verir. Bu mühüm vəzifələrin həyata keçirilməsində dövlət, biznes, elm və təhsil qurumları birgə fəaliyyət göstərməli, qlobal rəqabət şəraitində ölkəmizdə informasiya cəmiyyətinin inkişafına öz töhfələrini verməlidirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024