Keyfiyyətli proqram sistemlərini işləyərkən müxtəlif texnologiyalar, metodlar və alqoritmlərdən istifadə olunur. Optimal proqram təminatının yaradılmasının müxtəlif üsulları vardır. Bunlardan biri də qarışqa alqoritmidir. Qarışqa alqoritmini biomimetika sahəsinə aid etmək olar.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Proqram təminatının optimallaşdırılması üçün qarışqa alqoritminin tətbiqi” (Application of Ant Algorithm for Software Optimization) adlı məqaləsi məhz bu məsələlərə həsr olunmuşdur.
ABŞ-ın “Review Of Information Engineering and Applications” jurnalında çap olunan məqalədə bu sahədə olan ədəbiyyat analiz edilmiş, tətbiq edilən alqoritmin ideyası izah edilmişdir. Həmçinin müxtəlif qarışqa sistemlərinin müqayisəsi aparılmış, proqram kodunun operatorları qarışqa kimi göstərilmiş və ona qarışqa alqoritmi tətbiq edilmişdir. Alqoritmin tətbiqi nəticəsində proqram kodunda olan bəzi operatorlara (dövrü, şərt) keçidin ən qısa yolu tapılmışdır. Aparılan eksperimentlər müsbət nəticə vermişdir.
Qeyd edək ki, “Review Of Information Engineering and Applications” jurnalı “The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunur və “RePEc” (Almaniya), “CNKI Scholar” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə) kimi bazalarda indeksləşir.