Aprelin 7-dək 150 min şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçib.
AR Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 110 min nəfərə şəxsi səhifəsinə giriş imkanı yaradılıb. Qeydiyyatdan sonrakı 48 saat ərzində istifadəçilərin şəxsi kabinetləri aktivləşəcək.
Qeydiyyatdan keçən şagirdlərin qruplar üzrə komplektləşdirilməsi istiqamətində dünən axşam saatlarında işlər aparılıb və bununla əlaqədar olaraq portalda qeydiyyat prosesi müvəqqəti dayandırılıb. Komplektləşdirmə yekunlaşdırıldıqdan sonra şagirdlərin qeydiyyatına yenidən başlanılacaq.
Qeyd edək ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Bu portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə və əlavə tədris resurslarından faydalana bilərlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.
Portalda müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, növbəti mərhələdə müəllimlərin portalda qeydiyyat imkanının təşkili nəzərdə tutulur.
“Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən istifadəçilər virtual.edu.az saytındakı müvafiq təlimatlarla tanış ola bilərlər.