İnstitutun əməkdaşı “International Project Management Association” təşkilatının sertifikatına layiq görülüb 2015-03-05 12:04:19 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Şahzadə Mədətova“International Project Management Association” (IPMA) təşkilatının Azərbaycan nümayəndəliyi (AzPMA) tərəfindən keçirilən təlimlərdə iştirak etmiş və yekunda imtahan verərək IPMA D dərəcəsi (Layihələrin İdarə Edilməsi üzrə Sertifikatlaşdırılmış Mütəxəssis) almışdır.

 

Məlumat üçün qeyd edək ki, IPMA dövlət və biznes layihə idarəçiliyi sahəsində dünyanın aparıcı qeyri-hökumət təşkilatıdır. IPMA 1965-ci ildə bir qrup şəxsin təşəbbüsü ilə layihə idarəçiliyi sahəsində məlumatları bölüşmək, paylaşmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə layihə rəhbərlərinin (menecerlərinin) forumu kimi fəaliyyətə başlamışdır. Hazırda dünyanın 50-dən çox ölkəsində üzvü olan IPMA həmin ölkələrin milli layihə idarəçiliyi assosiasiyalarından ibarət beynəlxalq şəbəkəyə çevrilmişdir.

 

Bu şəbəkəyə daxil olan milli assosiasiyalar hər birinin layihə idarəçiliyi sahəsində milli tələbləri olmaqla yanaşı, IPMA-nın ümumi qaydaları çərçivəsində fəaliyyət göstərir. IPMA bu tələbləri beynəlxalq səviyyədə təmsil edir.

 

IPMA-nın kompetensiyaları əsasən dörd dərəcəli sertifikatlaşdırma proqramı üzrə davamlı inkişaf prosesinə yönəlmişdir. Bu dörd dərəcəli kompetensiyalar üzrə hər bir pillə özünüqiymətləndirmə və kompetensiyaların yoxlanması və inkişafını özündə cəmləşdirir.

 

IPMA A dərəcəsi: Sertifikatlaşdırılmış Layihə Direktoru

 

IPMA B dərəcəsi: Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri

 

IPMA C dərəcəsi: Sertifikatlaşdırılmış Layihə Meneceri

 

IPMA D dərəcəsi: Layihələrin İdarə Edilməsi üzrə Sertifikatlaşdırılmış Mütəxəssis 

 

Beynəlxalq Assosiasiya (IPMA) tərəfindən həyata keçirilən sertifikatlaşdırma proqramı kvalifikasiyanın beynəlxalq səviyyədə tanınmasını təmin edir. Bu, kvalifikasiyanın texniki, işgüzar o cümlədən digər ekvivalent növlərini tamamlayır və gücləndirir. Bu sertifikatı alan şəxs dövlət və biznes sahələrində layihə idarəçiliyi üzrə xüsusi qabiliyyətə malik mütəxəssis kimi qəbul edilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024