“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” mövzusunda tədbir keçirilib 2020-03-05 16:42:00 / KONFRANSLAR

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib.

Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bank sektoru, beynəlxalq təşkilatlar və nümayəndəliklər, internet xidməti provayderləri, mobil operatorlar, təhsil müəssisələri, sığorta şirkətləri, səhiyyə müəssisələri və digər təşkilatların fərdi məlumatların mühafizəsi üzrə məsul şəxsləri, eləcə də Avropa Şurasının, Moldova, İsrail və s. ölkələrin ekspertləri iştirak ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbiri giriş sözü ilə açaraq fərdi məlumatların mühafizəsi məsələsinin müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Fərdi məlumatlar bilavasitə kibertəqiblərin tərkib hissəsi sayılır, yəni həyata keçirilən hücumlar daha çox fərdi və digər potensial məlumatların əldə edilməsinə yönəldilir” –  deyə, nazir müavini bildirib.

E.Vəlizadə Avropada fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin 1981-ci ildən həyata keçirilməyə başlandığını qeyd edib. Fərdi məlumatların mühafizəsinin tələblərinə ciddi riayət edilməsini önə çəkərək ölkəmizdə qəbul olunmuş “Fərdi məlumatlar haqqında qanun”un təkmilləşdirilməsi üzərində işlərin aparıldığını, yeni qanun layihəsinin işləndiyini diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas fərdi məlumatlar sahəsində normativ-hüquqi tənzimləmə, aktual və praktiki problemlərdən söz açaraq fərdi məlumatların etibarlı mühafizəsi üçün kompüter, mobil telefon şifrlərinin düzgün seçilməsinin önəmindən danışıb. K.Yankauskas kiberməkanda qaydaların təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində məlumatların, o cümlədən qanunun aliliyinin qorunub saxlanması və s. məsələlərin həllinin Avropa İttifaqının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu nəzərə çatdırıb. O, “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla bu  istiqamətdə görülən  tədbirlərin əhəmiyyətini qeyd edərək, ölkəmizdə həyata keçirilən işləri dəstəklədiklərini bildirib.       

Tədbirdə, həmçinin NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov, Avropa Şurası, Məlumatların mühafizəsi üzrə qrupun məsləhətçisi Peter Kimpian,  “Prosol” QSC-nin baş texniki direktoru, fərdi məlumatların mühafizəsi üzrə ekspert Kapelushnik Nir məruzələrlə çıxış ediblər. 

Fərdi məlumatların mühafizəsi hüququ üzrə mütəxəssis Olga Demian “Fərdi məlumatların subyektinin hüquqları, onların tətbiqi və qorunmasının xüsusiyyətləri”, İnformasiya texnologiyaları üzrə auditor İlqar Əliyev “Fərdi məlumatlar üzrə hüquqlarımız və məsuliyyətimiz”, “AİSTGroup” MMC-nin layihə rəhbəri Babək Əliyev “Fərdi məlumatlardan istifadənin təşkili”, “Ernst & Young” şirkətinin Azərbaycandakı nümayəndəliyinin eksperti  “Ernst & Young” şirkətinin fərdi məlumatların məxfiliyi ilə bağlı yanaşması və “GDPR”-a doğru atılacaq addımlar” mövzularında çıxış ediblər. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024