AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
İnstitutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Green Computing-də istifadə olunan texnologiyalar və innovasiyalar” mövzusuna həsr olunduğunu bildirdi.
Mövzuya dair çıxış edən şöbənin əməkdaşı Orxan Mehdiyev dünyada mövcud olan verilənlərin emal mərkəzlərinin (VEM) ümumi vəziyyəti, ekoloji fəlakətin törətdiyi fəsadlar, elektrik mənbələr, VEM-də enerji sərfiyyatının paylanması, ekoloji alternativ enerji mənbələri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, ətraf mühiti tədqiq edən təşkilatların araşdırmalarının nəticələrinə əsasən, tarixdə Yer üzərindəki xəstəliklərdən və insan fəaliyyətindən qaynaqlanan 6-cı kütləvi tükənmə yaşanır. Bu prosesin qarşısını almaq üçün ciddi tədbirlər görülməzsə, 2070-ci ilə qədər Yer kürəsindəki canlıların çox hissəsi məhv olacaq.
O, həmçinin elektrik, elektron, isitmə və soyutma sənayesindəki məhsulların ekoloji bəyannamələri üçün nəzərdə tutulmuş PEPecopassport® beynəlxalq proqramı barədə danışdı.
Məruzəçi “Bloom Energy” layihəsindən söz açaraq bu layihənin əsas məqsədinin enerjini VEM-in daxilində yaratmaq olduğunu vurğuladı. Qeyd etdi ki, XXI əsrdə VEM-in əsas vəzifəsi enerjidən sərbəst şəkildə istifadə və maliyyə xərclərinin kifayət qədər azaldılmasını təmin etməkdir.
Hazırda dünyada geniş yayılmış yaşıl sertifikat haqqında məlumat verən məruzəçi bildirdi ki, əsasən Avropada istifadə olunan bu sertifikat elektrik enerjisinin istehsalı zamanı alternativ enerji mənbələrindən istifadə edən müəssisələrə təqdim edilir.
O.Mehdiyev dünyada yaşıl İT üzrə fəaliyyət göstərən “IBM”, “Amazon”, “Intel” kimi qabaqcıl şirkətlər, eləcə də “Big Green” layihəsi haqqında məlumat verdi. Bildirdi ki, bu layihə verilənlərin emal mərkəzlərinin enerji effektivliyinin artırılmasını nəzərdə tutur.
Daha sonra məruzəçi yaşıl Ethernet şəbəkə limanları və onların üstünlükləri barədə də ətraflı məlumatı diqqətə çatdırdı.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.