Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb 2020-02-21 12:44:00 / MÜHÜM HADİSƏLƏR

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində beynəlxalq seminar və təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “İS3S” şirkətinin birgə təşkilatçılığı ilə 3 mart tarixində kibertəhlükəsizlik mütəxəssisləri üçün “Pentestinq” üzrə praktiki seminar keçiriləcək. Seminar tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin tərəfindən aparılacaq, “pentest”in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcək.

Martın 5-də “Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı”, eyni zamanda “Ethical Hacker”, “İSO/İEC 27001:2015” standartı əsasında beynəlxalq sertifikat və “CompTİA security+” beynəlxalq sertifikatları haqqında təqdimatlar olacaq.

10-14 mart tarixlərində “ISO/IEC 27001:2015 standartı – “İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələblər” əsasında beynəlxalq sertifikatlaşdırma təlimi və 2 ay davam edəcək “CompTİA Security+”, yəni İT təhlükəsizliyinin əsasları üzrə beynəlxalq sertifikatlaşdırma keçiriləcək. 

İştirakçılar beynəlxalq səviyyəli sertifikat almaq imkanı əldə edəcəklər.

Qeyd edilən təlimlər kibertəhlükəsizlik sahəsində ölkəmizin kadr potensialının gücləndirilməsi, eləcə də dövlət orqanları, idarə, müəssisə və təşkilatların beynəlxalq sertifikatlı mütəxəssislərə malik olması və kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilir.

Seminarlar və təlimlər haqqında“www.cyberweek.az” və “www.iktlab.az” saytlarından ətraflı məlumat almaq və proqramlarla tanış olmaq mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024