Robot-uşaq ağrı və sinir sistemi ilə təchiz edilib.
Yaponiyanın Osaka Universitetinin mühəndisləri toxunma tənzimləyicilərinə malik olan uşağabənzər “Affetto” robotunu yaradıblar.
Tədqiqatçılar “Affetto”nun ilk dəfə 2011-ci ildə hazırlandığını və bu günə qədər inkişaf etdirildiyini qeyd ediblər. Robota daha mürəkkəb duyğular - gülümsəmək, burnunu qırışdırmaq, gözlərini yummaq və s. öyrədilib.
nanonewsnet.ru saytının məlumatına görə, “Affetto” süni dəri ilə örtülmüş üz və bədənin real skeletinə malikdir. Həssas yumşaq material sərt metal səthdən fərqli olaraq robotun xarici dünya ilə daha tam qarşılıqlı əlaqəsini təmin edir. Daxil edilmiş tənzimləyicilərin köməyi ilə robot toxunuşu hiss edə, kobud və güclü olanlardan incə və səliqəli olanı ayırd edə, eyni zamanda emosional cavablar göstərə bilir.
“Affetto”nun yaradılmasında məqsəd humanoid robotun insanlarla münasibət qurmağını, mənfi və müsbət hissləri tanımağını təmin etməkdir. Mütəxəssislər bu bacarıqların yaşlı insanlara kömək etmək məqsədi ilə hazırlanmış robotlar üçün faydalı ola biləcəyini qeyd edirlər.