Fevralın 14-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Gündəlikdə yer alan ilk məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli danışıb. Akademiyanın 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağında AMEA-nın Nizamnaməsinin yeni redaksiyada qəbul olunduğunu xatırladan İsa Həbibbəyli Nizamnamə üzrə Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) yeni yaradılmış Elmi şurasının tərkibi haqqında məlumat verib. Qeyd edib ki, Rəyasət Heyətinin qərarı ilə HİEB-in Elmi şurasının yeni tərkibi müavinlər – akademik Teymur Kərimli və akademik Nərgiz Axundova, eləcə də 14 nəfər tanınmış alimdən ibarət üzvlərlə təsdiqlənib.
Sonra “Elm və həyat” jurnalı barədə çıxış edən akademik İsa Həbibbəyli 1961-ci ildən nəşr olunan jurnalın dünyanın və Azərbaycanın görkəmli alimlərinə məxsus elmi əsərlərin nəticələrinin işıqlandırılması baxımından əhəmiyyətindən söz açıb. Akademik yarandığı ilk dövrlərdən “Elm və həyat”ın səhifələrində elmi nailiyyətlərin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı tədqiqatların nəticələrinin təbliğinə geniş yer ayrıldığını nəzərə çatdırıb. Həmçinin jurnalın yüksək keyfiyyətli tərtibatda və müasir üslubda nəşr olunmasının zəruriliyini qeyd edib.
İclasda “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə redaksiya heyətinin yeni tərkibi təsdiq olunub.
Daha sonra akademik Fərəməz Maqsudovun 90, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun 100, AMEA-nın müxbir üzvü Yevgeni Paxomovun 140 və AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 70 illik yubileylərinin keçirilməsi qərara alınıb.
Daha sonra Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı haqqında akademik İradə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramının hazırlandığını iclas iştirakçılarının nəzərinə çatdırıb. Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib. “Qırmızı Kitabı”n III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanması tövsiyə olunub.
İclasda, həmçinin “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturu və ştat cədvəli haqqında məlumat verilib. Bu məsələ ilə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edərək qurumun yeni strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırıldığını, perspektiv layihələrin reallaşdırılması üzrə məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, son zamanlar Yüksək Texnologiyalar Parkının fəaliyyətində baş verən müsbət dəyişikliklər gələcəkdə bu müəssisənin struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq.
Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin struktur və ştat cədvəli təsdiqlənib.
Sonda kadr məsələsinə baxılıb. Akademik İbrahim Quliyev öz ərizəsiylə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib və institutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.