Kanada alimləri tərəfindən hazırlanmış 3D-printer yeni dəri hüceyrələrini birbaşa yaraya çap edərək, ağır yanıqları müalicə edir. Qurğu dərisi əhəmiyyətli dərəcədə zədələnmiş pasiyentlərin müalicəsini sürətləndirəcək.
hightech.plus saytının məlumatına əsasən, yaraları və dəri yanıqlarını müalicə edən yeni bioprinter müvəffəqiyyətlə sınaqdan keçirilib. Donuzlar üzərində aparılan sınaqlar göstərib ki, qurğu biomaterialı birbaşa yaraya sürətlə və təhlükəsiz çatdırmağa imkan verir.
Yanıqların müalicəsinin bütün müasir metodları müəyyən çatışmazlıqlara malikdir. Məsələn, kollagen karkasların tətbiqinin effekti yaranı əhatə edən hüceyrələrdən asılıdır. Laboratoriyada dəri “əvəzedicilər”inin hazırlanması metodu isə pasiyentə köçürülməyə qədər çox vaxt tələb edir.
Biomaterialın (transplantasiya üçün gələcək “mürəkkəb”) əsasını fibrin zülalı və mezenximal kök hüceyrələri təşkil edir. Müalicə zamanı fibrin təbəqələri birbaşa yaraya çap edilir ki, bu da zədələnmiş hissələrdə yeni hüceyrələrin artmasına imkan yaradır.
Böyük laboratoriya heyvanları üzərində aparılan sınaqlar nəticəsində məlum olub ki, bu üsulla müalicə edilmiş yaralar daha yaxşı və tez sağalır.
Alimlərin sözlərinə görə, bioprinterin potensialı yanıq travmalarının müalicəsi çərçivəsindən kənara çıxır və ondan hüceyrələrin təhlükəsiz çatdırılması lazım olan başqa hədəflər üçün də istifadə edilə bilər. Onların fərziyyələri tədqiqatların növbəti mərhələlərində yoxlanacaq.