AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbənin cari il üzrə fəaliyyət planı müzakirə olundu. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin fəaliyyət planını təqdim edərək İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu bildirdi.
Məruzəçi “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intellektual idarə edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Əşyaların İnternet texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi”, “Verilənlərin emalı mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlərin işlənməsi”, “Paylanmış hesablama sistemlərində Enterprise Desktop Grid xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparılması”, “Proqramla idarə olunan (SDN - Software Defined Networking) şəbəkə texnologiyalarının tədqiqi və analizi”, “Green Computing texnologiyalarının inkişaf perspektivləri və problemləri” mövzuları üzrə tədqiqatların aparılacağını diqqətə çatdırdı. O, həmçinin “Simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti, problemləri və perspektivləri”, “Süni intellekt sistemlərində proqramlaşdırma məsələləri”, “Korporativ elektron poçt sistemindən səmərəli istifadə məsələləri”, “Paralel proqramlaşdırma məsələlərində istifadə edilən proqram təminatları, analizi və təhlili”, “Paralel proqramlaşdırma sahəsində elmi-nəzəri problemlərin analizi”, “Verilənlərin emal mərkəzində bulud texnologiyaları əsasında virtual resursların səmərəli istifadəsi metodları”, “Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması metodlarının tədqiqi” mövzuları üzrə görüləcək işlər və tədqiqat istiqamətləri haqqında məlumat verdi.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan məruzəçi bu məqsədlə AzScienceNet elm və kompüter şəbəkəsinin infrastrukturunun inkişafı və istismarı, onun GEANT şəbəkəsinə inteqrasiyası, internet xidmətlərinin təşkili, AzScienceNet elm və kompüter şəbəkəsinin xidmətlərindən respublikanın ali təhsil müəssisələrində istifadə edilməsi, eləcə də şəbəkənin proqram təminatının yenilənməsi işlərinin mütəmadi davam etdiriləcəyini bildirdi.
R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görüləcək tədbirlər haqqında da məlumat verdi.
Məruzəçi, AzScienceNet elm və kompüter şəbəkəsinin infrastrukturunun istismarı və inkişaf etdirilməsi, İnternet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işlərinin cari ildə də həyata keçiriləcəyini bildirdi.
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasının vacibliyini qeyd etdi.
Fəaliyyət planı ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.