Massaçusets Texnologiya İnstitutunun alimləri simsiz İnternetin siqnalını artırmaq üçün daha sərfəli üsul hazırlayıblar.
“RFocus” adlanan “ağıllı” səth divara və ya adi lövhəyə quraşdırıla bilən 3000 miniatür antenadan ibarətdir. Bu səth siqnal gücləndiricisi rolunu oynayır. O, marşrutlayıcıdan “Wi-Fi” siqnalını qəbul edir və onu başqa qurğulara ötürür.
Bu, Wi-Fi və ya 5G siqnalını artırmaq üçün ucuz və asan yoldur. Aparılan ilkin sınaqlar zamanı məlum olub ki, “ağıllı” səth siqnalını 10 qat, şəbəkə genişliyini isə iki dəfə artıra bilir.
hi-tech.mail.ru saytının məlumatına görə, adi Wi-Fi təkrarlayıcılarından fərqli olaraq, bu “RFocus” simsiz İnternetin əhatə dairəsini artırmır, əksinə siqnal gücləndirir. O, istənilən şəbəkə ilə işləyir və əlavə konfiqurasiya tələb etmir.
“Ağıllı” səth həm universal, həm də daha sərfəlidir. Səthdəki antenalardan istənilən formada Wi-Fi gücləndiricisini toplamaq və yeni modullar əlavə edərək sistemi genişləndirmək də mümkündür. Bu cür antenalar əlavə naqil tələb etməyən xüsusi divar kağızları şəklində quraşdırıla bilər.
Mütəxəssislər “ağıllı” səthlərin kütləvi istifadəyə verilmə tarixini hələlik açıqlamayıblar.