Belçika alimləri tərəfindən hazırlanmış yeni qoruyucu kostyumlar yanğınsöndürənləri həddən artıq istiliyin təsirindən yaranan təhlükələrdən qoruya biləcək.
Gent Universitetinin alimləri, “Interuniversity Microelectronics Centre” (IMEC) tədqiqat mərkəzinin işçiləri, eləcə də “Connect Group” və “Sioen” şirkətinin mütəxəssislərinin hazırladıqları qoruyucu geyim xüsusi sensorlarla təchiz edilib. Yanğınsöndürənlər üçün hazırlanmış yeni geyim Paris Yanğınsöndürmə Briqadasının tələbi ilə hazırlanıb.
“Adi istiliyədavamlı kostyumlar yanğınsöndürənləri yalnız müəyyən temperatur səviyyəsinə qədər yanıqlardan qoruyur. Bu səviyyəni təyin etmək isə hər zaman mümkün olmur. Bu səbəbdən yanğınsöndürənlər tez-tez sağlamlıqlarına və həyatlarına təhlükə yaradacaq vəziyyətlə qarşılaşırlar. Yanıq riskini minimuma endirə bilən daxili istilik sensoru ilə təchiz olunmuş geyim bu halların qarşısını alacaq”, - deyə mütəxəssislər qeyd ediblər.
Yeni qoruyucu paltar yanğınsöndürənləri həddindən artıq yüksək temperatur olduğu zaman ölüm təhlükəsi haqqında xəbərdar edən səsli siqnalizasiya sistemi ilə də təchiz olunub. Xüsusi tənzimləyicilər ilə təchiz olunmuş geyim Avropada qüvvədə olan EN469 standartına uyğun olaraq hazırlanıb.
planet-today.ru saytının məlumatına görə, Paris yanğınsöndürmə briqadası artıq kostyumu 1200 dərəcə Selsi temperaturda sınaqdan keçirib və effektivliyini təsdiqləyib. Aparılan sınaqlar paltarlara quraşdırılmış elektrik elementlərinin və batareyanın həddindən artıq yüksək temperaturda işləyən insanlar üçün təhlükəli olmadığını göstərib.