Yanvarın 28-i “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı ilə bağlı keçirilən təlim seminarında iştirak edən AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri və Kadrlar şöbələrinin müdirləri İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazası və elmi-tədqiqat müəssisəsində yaradılan şəraitlə yaxından tanış oldular.
AMEA İTİ-nin direktoru, akademik Rasim Əliquliyev qurumun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırdı.
O, institutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə müvafiq aparıldığını qeyd etdi. Bildirdi ki, informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin həlli, müxtəlif elmi-nəzəri əsasların dərindən öyrənilməsi, əldə edilən biliklərin, yeni ideya və həllərin cəmiyyətə inteqrasiyası, yüksək nəticələrin əldə edilməsi məqsədlərinə xidmət edən birgə elmi-tədqiqatların aparılması institutun fəaliyyətində başlıca hədəflərdəndir.
Akademikin sözlərinə görə, rəhbərlik etdiyi qurum müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak edir və elektron elmin formalaşdırılmasına mütəmadi olaraq dəstək göstərir.
Alim xatırlatdı ki, ölkənin ilk dəfə İnternetə çıxışı 1991-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilib. AzScienceNet elm kompüter şəbəkəsi 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunmuşdur. İnstitut GEANT ilə geniş əməkdaşlıq əlaqələri quraraq, qeyd edilən əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə Avropa Birliyi tərəfindən müəyyənləşdirilən EaPConnect layihəsində Azərbaycan tərəfini təmsil edir.
R.Əliquliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ötən ilin sonlarında GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) qurumlarının nümayəndələrinin iştirakı ilə LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin daimi istismara verilməsinə həsr olunan tədbir barədə də məlumat verdi. Bildirdi ki, cari ildə LoLa-xidmətinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında quraşdırılması və işə salınması planlaşdırılır.
AzScienceNet şəbəkəsinin fəaliyyəti haqqında daha ətraflı məlumat verən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söylədi. Bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdirlər. Alim Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edərək burada hesablama və yaddaş resurslarından istifadə yolu ilə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğuladı.
İnstitutun Tədris-İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verən Rasim Əliquliyev AMEA-nın magistrlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkili, eləcə də ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstəyin göstərilməsinin həyata keçirildiyini, informasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Vurğuladı ki, Tədris-İnnovasiya Mərkəzinin nəzdində Distant Tədris Mərkəzi və Wiki-Mərkəz fəaliyyət göstərir.
İnstitutda ən müasir texnologiyalarla təchiz edilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyəti barədə də məlumat verildi. Qeyd olundu ki, kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün ən son texnologiyalar quraşdırılıb. Burada resursların meta-verilənlərinin hazırlanması, sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur.
Bundan əlavə, qonaqlar “İnformasiya texnologiyaları” nəşriyyatının fəaliyyəti, genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlərlə, Multimedia Mərkəzi və “İnternet Kafe” ilə tanış oldular.